Çərşənbə , Sentyabr 30 2026
azfa

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin ilk ildönümü ərəfəsində bir İran aviaşirkətini və iki Rusiya şirkətini onların hərbi təchizatla bağlı fəaliyyətlərdə və İran silahlarının daşınmasında rol oynadığı bildirilən səbəblərə görə sanksiya siyahısına daxil edib.

Rusiyanın “Yak-ovlev” və “MG Flot” şirkətləri, eləcə də “Saha” aviaşirkəti bu sanksiyaların hədəfi olub.

ABŞ Dövlət Departamenti “Yak-ovlev” şirkətini Yak-130 təlim-döyüş təyyarəsinin istehsalçısı kimi təqdim edib və bildirib ki, Rusiya İranın sifariş etdiyi 24 təyyarənin demək olar ki, hamısını artıq təhvil verib.

Bəyanata əsasən, Rusiya Yak-130 təyyarələrinin ilk partiyasını 2023-cü ilin sonlarında İrana təhvil verib. 2025-ci ilin noyabr və dekabr aylarında isə bu təyyarələrlə bağlı avadanlıqların bir neçə partiyası Rusiyanın İrkutsk şəhərində “Yak-ovlev”lə əlaqəli istehsal müəssisələrindən İrana göndərilib.

ABŞ Dövlət Departamenti həmçinin “MG Flot” şirkətini Rusiyada yerləşən gəmiçilik şirkəti kimi təqdim edib və bildirib ki, bu şirkətə məxsus gəmilər 2024-cü ildə İrandan Rusiyaya qısa mənzilli ballistik raketlərin daşınmasında iştirak edib.

Departamentin məlumatına görə, İran 2025-ci ilin sonlarında hava hücumundan müdafiə sistemləri ilə bağlı avadanlıq və nəqliyyat vasitələrini də bu şirkətə məxsus gəmilərdən birindən istifadə etməklə Rusiyaya göndərib.

İran İslam Respublikası ordusunun Hərbi Hava Qüvvələrinə bağlı olan “Saha” aviaşirkəti də silah və bununla əlaqəli avadanlıqların daşınmasında rol oynadığı bildirilən fəaliyyətlərinə görə sanksiyaya məruz qalıb.

“Saha” bundan əvvəl də bu il sentyabrın 8-də ABŞ-ın başqa bir icra sərəncamı əsasında sanksiyaya məruz qalmışdı.

ABŞ Dövlət Departamenti eyni zamanda “Ədalət üçün mükafat” proqramı çərçivəsində SEPAH-ın maliyyə mexanizmlərinin pozulmasına səbəb olacaq məlumatlara görə 15 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.

Bu proqram konkret olaraq Abdullah Mehrabi, Əhməd Cəfərabadi və Əliəsğər Novruzi ilə bağlı maliyyə fəaliyyətləri barədə məlumat əldə etməyə çağırır.

Abdullah Mehrabi SEPAH-ın Aerokosmik Qüvvələrinin Özünütəminetmə və Tədqiqat Cihadı Təşkilatının rəhbəri kimi təqdim edilib. ABŞ Dövlət Departamenti Əhməd Cəfərabadini də SEPAH-ın Aerokosmik Qüvvələrinin yüksək vəzifəli şəxslərindən biri kimi təqdim edib və onun bu qüvvələrin əməliyyat və logistika fəaliyyətində birbaşa iştirak etdiyini bildirir.

Əliəsğər Novruzi isə SEPAH-ın Kooperasiya Fondunun rəhbəri kimi təqdim olunur. ABŞ Dövlət Departamenti onun SEPAH-ın yüksək vəzifəli şəxslərindən biri olaraq Yaxın Şərqdə İran İslam Respublikası ilə müttəfiq silahlı qruplara pul və silah ötürülməsində rol oynadığını bildirir.

Eyni vaxtda ABŞ Maliyyə Nazirliyi də “İqtisadi təcrid əməliyyatı” çərçivəsində müxtəlif ölkələrdə daha 10 fiziki şəxs və quruma qarşı sanksiya tətbiq edib. Nazirliyin məlumatına görə, həmin şəxslər və qurumlar İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi üçün silah və silah hissələrinin tədarükünü həyata keçiriblər.

“İqtisadi təcrid əməliyyatı” Donald Tramp administrasiyasının bu ilin sentyabr ayının əvvəlindən İran İslam Respublikasına təzyiqi gücləndirmək və onun beynəlxalq maliyyə və ticarət sistemi ilə əlaqələrini məhdudlaşdırmaq məqsədilə başladığı yeni sanksiya kampaniyasıdır.

Həmçinin yoxlayın

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

İranda hakimiyyətin başında SEPAH-ın nəzarətində olan hökumət dayanır

GADTB: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı və “İranın Nüvə Silahına Qarşı Birlik” təşkilatının …