Aclıq aksiyası keçirən məhbus ailələrinə dəstək verən fəallar dindirmə prosesi başa çatsa da ağır sağlamlıq vəziyyətinə görə ümumi bölməyə köçürülməyiblər

GADTB: Azərbaycan milli hərəkatının fəalları Abbas Lisani, Əli Xeyircu və Yusif Kari təkadamlıq kameralara köçürüldüklərindən 33 gün keçməsinə baxmayaraq, hələ də molla rejimin Kəşfiyyat Nazirliyinin təcridxanasında və Evin həbsxanasının 209-cu bölməsində saxlanılırlar. Dindirmə prosesi başa çatsa da və Bəhram (Behzad) Dəşti ağır girov qarşılığında azad edilsə də, sözügedən üç fəal hələlik ümumi bölməyə köçürülməyib. Məlumata görə, Əli Xeyircunun Qəmər Bəni-Haşim xəstəxanasına aparılması da nəzərə alınmaqla, onların ümumi bölməyə köçürülməməsinin səbəbi ağır fiziki durumları ola bilər.

Xəbər hazırlandığı vaxta qədər Abbas Lisani və Əli Xeyircu ailələri ilə ümumilikdə cəmi bir neçə dəqiqəlik qısa telefon əlaqəsi saxlaya biliblər. Yusif Kari isə indiyədək ailəsi ilə heç bir əlaqə qura bilməyib.

Qeyd edək ki, Bəhram Dəşti 26 azər 1404-cü il tarixində 7 milyard tümən məbləğində ağır girov qarşılığında Evin həbsxanasının 209-cu bölməsindən azad edilib və məhkəmə prosesi başa çatanadək müvəqqəti olaraq azadlıqda saxlanılır.

Əli Xeyircu 18 azər tarixində 209-cu bölmədən etdiyi qısa telefon danışığında bildirib ki, qarın nahiyəsində şiddətli ağrıların artması səbəbilə 17 azər 1404-cü ildə Tehrandakı Qəmər Bəni-Haşim xəstəxanasına aparılıb. Ultrasəs müayinəsi və analizlərin nəticələrinə əsasən, onun qarın divarında 2 və 1,5 santimetr ölçüsündə iki yırtıq aşkar edilib. Buna baxmayaraq, xəstəxanaya yatırılmadan və cərrahi müdaxilə aparılmadan, yalnız dərman təyin edilərək yenidən Kəşfiyyat Nazirliyinin təcridxanasına qaytarılıb.

Bu dörd milli fəal 22 aAban 1404-cü il tarixində ayrı-ayrı məktublarla Tehran şəhərinin baş prokuroru və Evin həbsxanasının rəisinə müraciət edərək, saxlanılma zamanı aldıqları xəsarətlərin qeydə alınması üçün dərhal Məhkəmə-Tibb Ekspertizasına göndərilmələrini tələb etmişdilər.

Fəallar yaxınlarına bildiriblər ki, saxlanılma zamanı elektroşok və dəyənəklərdən geniş şəkildə istifadə edilməsi nəticəsində bədənlərinin müxtəlif nahiyələrində göyərmələr yaranıb. Məlumata görə, Abbas Lisaninin qabırğaları və boynu zədələnib, Bəhram Dəştinin burnu sınıb, Əli Xeyircunun dişlərindən biri qırılıb və saxlanılma zamanı bir neçə dəqiqə ərzində boynuna təpik vurulması və dizlə basılması səbəbilə boyun nahiyəsi zədələnib. Yusif Karinin də bədəninin müxtəlif hissələrində xəsarət və göyərmələr olduğu bildirilir.

Bundan əlavə, saxlanılma zamanı məftilli qandalların çox bərk bağlanması nəticəsində Abbas Lisaninin əllərindən birində müvəqqəti keyimə yaranıb. Həmçinin Evin həbsxanası qarşısında yerləşdirilən təhlükəsizlik qüvvələrinin komandiri Abbas Lisaninin onun burnunu sındırması iddiası ilə barəsində şikayət edib.

Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Bəhram Dəşti 20 aban 1404-cü il tarixində səhər saatlarında Evin həbsxanasının qarşısında saxlanılıblar. Onlar ailələri ilə qısa telefon danışığında təhlükəsizlik və hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən ağır şəkildə döyüldüklərini bildiriblər. Saxlanılmadan bir neçə saat sonra sözügedən şəxslər Evin Prokurorluğunun 6-cı istintaq şöbəsinə, müstəntiq Vahid Nasirinin icraatına göndərilib və onlara aşağıdakı ittihamlar irəli sürülüb:

Abbas Lisaniyə qarşı: “qanunsuz qrup yaratmaq və rəhbərlik etmək”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə” və “ictimai asayişi pozmaq”;

Əli Xeyircu, Yusif Kari və Bəhram Dəştiyə qarşı: “qanunsuz qrupda üzvlük”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə” və “ictimai asayişi pozmaq”.

Məlumata əsasən, “ictimai asayişi pozmaq” ittihamı üzrə 1 milyard tümən girov qərarı, digər ittihamlar üzrə isə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər istintaq zamanı təhlükəsizlik və polis əməkdaşları tərəfindən döyülmələrinə etiraz edərək Məhkəmə-Tibb Ekspertizasına göndərilmələrini tələb etsələr də, iş üzrə müstəntiq onlara cavab olaraq bildirib:

“Siz müqavimət göstərmisiniz, əməkdaşlar da eyni şəkildə davranıblar.”

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …