Çərşənbə axşamı , İyun 22 2021
azfa

Azərbaycan saytlarında sayın Cessika Oyta ilə müsahibə dərc edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiyası və GADTB üzvü sayın Cessika Oyta ilə müsahibə Publika.az saytında dərc edilib. müsahibəni olduğu kimi təqdim edirik:

Avstraliyada Azərbaycan üçün küçələrə çıxan Cessika Oyta ilə MÜSAHİBƏ: İndi arzum Təbrizə…

Azərbaycanlı olmaq təkcə milli mənsubiyyət deyil, harada yaşamağından asılı olmayaraq, dünyanın köksündəki ovuc boyda torpağı sevmək, köklərini unutmamaqdır.

Avstraliyada yaşayıb fəaliyyət göstərən hüquqşünas Cessika Oyta kimi…

Publika.az-ın həmsöhbəti əslən təbrizli Cessika Oytadır.

– Cessika, doğma şəhəriniz Təbrizə heç vaxt səfər etməmisiniz?

– Sidneydə doğulub böyümüşəm. Valideynlərim Təbriz azərbaycanlılarıdır. Astraliyada Azərbaycanın təbliğatı üçün əlimizdən gələni edirik. Avstraliya siyasətinin fəal üzvlərindən sayılıram. İstər hüquqi, istərsə də siyasi cəhətdən Azərbaycanı təmsil etməkdən qürur duyuram. Avstraliya mətbuatında qərəzsiz məqalələrin paylaşılmasında yaxından iştirak edirəm. Vətənimi çox sevsəm də, təəssüf ki, Təbrizdə heç vaxt olmamışam. Dünyanın ən gözəl ölkəsi Azərbaycana da getməmişəm. Bakının gözəlliyini xüsusi vurğulamaq istəyirəm. Tezliklə mütləq ölkəmi qarış-qarış gəzəcəm.

– Valideynlərinizin Təbrizdən Sidneyə köçməyinin səbəbi nə olub?

– Dediyim kimi, valideynlərim İranın siyasi aktivistlərindən olublar. Azərbaycanlıların, dilimizin, təhsilimizin azadlığı uğrunda mübarizə aparıblar. İrandakı çevrilişdən sonra Avstraliyaya mühacirət ediblər. Burada da kənara çəkilib öz həyatlarını yaşamayıblar. Fəaliyyətləri ilə daim Azərbaycanı dəstəkləyib, təbliğ ediblər. Bacımla mən Sidneydə doğulub böyüsək də, milli mənsubiyyətimizi, azərbaycanlı olmağın qürurunu, məsuliyyətini uşaqlıqdan dərk etmişik. Valideynlərimin təşkil etdiyi tədbirlərdə böyümüşük. Ailəmizin bu illər ərzində Avstraliya ictimaiyyətinə çatdırdığı əsas problemlər Cənubi Azərbaycanın əsarəti və Qarabağ münaqişəsi olub. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlara, məhkəmələrə daim müraciət ünvanlayıblar. Hazırda hüquqşünasam. Gələcəyimi, karyeramı təyin etməyimdə valideynlərimin rolu böyükdür. Bəli, bütün hüquqi sənədlərə rəğmən, bir çox qurumlar müraciətlərimizi görməzdən gəlirlər. Lakin biz bununla ruhdan düşmürük. Avstraliya azərbaycanlılarından ibarət lobbimizlə birgə ölkənin hakim dairələrinə səsimizi hər zaman eşitdirmişik. Avstraliya hakimiyyətini və xalqını Xocalı faciəmiz, Qarabağ müharibəsi və digər bizim üçün çox önəmli mövzularda maarifləndirməyə davam edirik. Atam da Avstraliyadakı lobbiçiliyimizi layiqincə təmsil edir. Mən də əlimdən gəldiyi qədər ona kömək etməyə çalışıram.

– İkinci Qarabağ müharibəsində də əlinizdən gələni etdiyinizi bilirəm.

– 44 günlük Vətən savaşı dövründə ikiqat məsuliyyətlə çalışdıq. Belə deyim, siyasi ordumuzu yaratmışdıq. Daim onlayn mübarizəsində hazır dayanmışdıq. Bütün platformalarda Azərbaycanın haqlı siyasətini dəstəkləyib, həqiqəti cəmiyyətə çatdırırdıq. Avstraliyanın bir çox nüfuzlu televiziya kanallarında çıxış etdim, onlayn mediada məqalələrim yayımlandı. Günü bu gün Xocalı faciəsinin Gəncədə təkrarlandığını vurğuladım. Bəli, bu çıxışlarım, yazılarım çoxlarını qıcıqlandırdı. Lakin hüquq müdafiəçisi kimi haqqı tələb etmək borcumdur. Peşəkar fəaliyyətimdən əlavə, bütün duyğularım da Azərbaycan yolunda səfərbər olmuşdu. Sidneyin mərkəzi küçələrində etiraz aksiyaları keçirib, Azərbaycan, Türkiyə bayraqları dalğalandırırdıq. Bununla həm də qəhrəman əsgərlərimizi dəstəkləyib, şəhidlərimizin ruhunu yad edirdik. Ölkəmizi dəstəkləməyimiz gözəldir, borcumuzdur. Lakin bu birliyi dünya ictimaiyyətinə çatdırmaq da böyük önəm daşıyır. Odur ki, biz bu vəzifəni də yerinə yetirməyə çalışırıq.

– Avstraliyada gözəgörünməz düşmənlə necə mübarizə aparırsınız?

– Bu gün Avstraliyada pandemiya, koronavirus problemi xüsusi önəm daşımır. Demək olar ki, əvvəlki həyatımıza geri dönmüşük. Bu xoşbəxtliyi bütün dünyaya arzu edirəm. Digər gözəl xəbər də odur ki, Qarabağ azaddır. Bu, tək mənim deyil, bütün azərbaycanlıların bayramıdır. İndi arzumuz Qarabağa, Təbrizə səfər etməkdir. Ümid edirəm, tezliklə pandemiya buludu planetin səmasından çəkiləcək, biz də arzumuza çatacağıq.

Leyla Sarabi

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …