GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Höccət İsmətzadə və Fərhad Ruzban İran rejiminin ETTELAAT İdarəsinin məmurları tərəfindən sorğu-suala tutulduqdan sonra sentyabrın 5-də sərbəst buraxılıblar.
Qeyd edək ki, Höccət İsmətzadə sentyabrın 4-də Fərhad Ruzban isə sentyabrın 5-də İran rejiminin təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdılar.
Ruzbanın həbsindən sonra onun idarə etdiyi teleqram kanalının adı dəyişdirilib və Saxsıtəpə hadisələri ilə bağlı xəbərlər silinmişdi.
Sentyabrın 5-də Salmasda həbs olunan tanınmış sənətçi Abbas Nikrəvanın isə harada saxlanılması və nədə ittiham olunması barədə məlumat yoxdur.
Adı çəkilən fəalların saxlanılması Sulduzun Saxsıtəpə kəndində baş verən hadisə ilə bağlı olduğu ehtimal edilir.
Sentyabrın 3-də Güney Azərbaycanın Sulduz bölgəsinin Saxsıtəpə kəndində etnik kürd azlığının nümayəndələri ilə yerli Azərbaycan türkləri arasında qarşıdurma baş verib.
Torpaq sahəsinin bölüşdürülməsi üstündə baş verən qarşıdurmada bir kürd qətlə yetirilib, 4 nəfər isə yaralanıb. Çox sayda azərbaycanlı əhali didərgin düşmüşdü.