GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ərdəbildəki zindanda həbs etdiyi azərbaycanlı siyasi məhbus Abbas Lisaninin məhkəmə işi baxılmaq üçün Tehrana göndərilib.
Azərbaycanlı siyasi məhbusun yaxınlarının verdiyi məlumata görə, Abbas Lisaninin yaxınları onun Ədliyyə tibbi ekspertizasına göndərilməsi və həkim müayinəsindən keçməsi ilə bağlı İranın Ərdəbildəki zindanının rəhbərliyinə müraciət ediblər. Onlara bildirilib ki, məhkəmə sistemi məsullarının istəyi və 3 hakimin rəyi əsasında Abbas Lisaninin məhkəmə işi daha artıq incələnməsi üçün Tehran Apelyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bir müddət öncə Abbas Lisaninin vəkili Seyid Məhəmmədrza Fəqihi məhkəmə sədrinə məktub yazaraq müvəkkilinin işindəki əsas qüsurları izah edib.
Vəkilin müraciətindən sonra məhkəmə sədri katibliyinin göstərişi ilə cinayət işi İranın Ərdəbildəki Apelyasiya Məhkəməsinin üç hakimi tərəfindən yenidən araşdırılımış və işin tamamı hüquqi iradları yoxlamaq üçün 2021-ci ilin dekabr ayının əvvəllərində Tehrana göndərilib.
Azərbaycanlı fəal 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi.
Həmin hökm rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgün cəzasına yüksəldilib.