
GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa doğum şəhadətnaməsi verməkdən imtina edir və artıq 94 gündür onu sənədsiz saxlayır. Lakin Təbriz Sülh Məhkəməsinin 24-cü şöbəsi çıxardığı qərarla bu idarəni Kayhan adlı uşağa doğum şəhadətnaməsi verməyə məcbur edib.
Uşağın atası Babək Xavəndi #Balamin_Adı kampaniyasına və “Dan” səhifəsinə (@dan.magazin) bildirib:
“Oğlum 27 iyul 2026-cı il tarixində dünyaya gəlib və ona ‘Kayahan’ adını vermişik. Bu ad türkcədə ‘böyük hökmdar’ mənasını verir. Lakin Təbrizdə Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsinin əməkdaşları ‘bu adın Əhalinin Vəziyyətinin Qeydiyyatı Təşkilatının icazə verilən adlar siyahısında olmaması’ kimi qanunsuz və əsassız bəhanələrlə bu adı qeydiyyata almaqdan imtina etdilər.
Biz də məhkəməyə şikayət edərək hüquqlarımızın müdafiəsi üçün mübarizə apardıq. Təbriz Sülh Məhkəməsinin 24-cü şöbəsi 21 oktyabr 2026-cı il tarixində qərar çıxararaq Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsini övladımıza ‘Kayahan’ türk adı ilə doğum şəhadətnaməsi verməyi zəruri saydı”.
Məhkəmənin qərarında qeyd olunur:
“Mülki Məcəllənin 20-ci maddəsində adın seçilməsi və ya bildirilməsi məsələsinin nəzərdə tutulmasını, eləcə də ümumi hüquqi prinsiplərə və qanunvericiliyin müddəalarına əsasən, hər bir uşağın valideynlərinin övladları üçün gözəl və layiqli ad seçmək baxımından təbii, ayrılmaz və dini hüquqa malik olduqlarını nəzərə alaraq; bu adın İran ölkəsinin milli və dini dəyərlərinə, adət-ənənələrinə zidd olmadığını və iddiaçının yuxarıda qeyd olunan adı seçməsinə heç bir maneənin görünmədiyini əsas götürərək, məhkəmə yuxarıda göstərilənləri və icazəlilik prinsipini nəzərə almaqla iddiaçının tələbini əsaslı və sübuta yetirilmiş hesab edir. Mülki Prosessual Məcəllənin 198-ci maddəsinə, Mülki Məcəllənin 1000-ci maddəsinə, Əhalinin Vəziyyətinin Qeydiyyatı haqqında Qanunun 20-ci maddəsinə və onun qeydlərinə əsasən, Təbriz şəhərinin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsinin iddiaçının oğlan övladına ‘Kayhan’ adı ilə doğum şəhadətnaməsi verməyə məcbur edilməsi barədə qərar çıxarılır”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi