Azərbaycanda on cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin üçüncü cildi çap olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi nəşr edilib. İnstitut Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli 4 saylı iclas protokolunun qərarı ilə nəşr olunan üçüncü cild “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” bölməsini əhatə edir. 1092 səhifəlik kitabın baş redaksiya şurasına Ramiz Mehdiyev (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli, Ataəmi Mirzəyev, Fəridə Əzizova daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli (baş redaktor), Ataəmi Mirzəyev (məsul redaktor), Nüşabə Araslı, Fəridə Əzizova, İmamverdi Həmidov, Zəkulla Bayramlı (məsul redaktorun müavini), Çingiz Sadıqoğlu, Bəsirə Əzizəliyevadan (məsul katib) ibarətdir.

“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası” və Azadə Rüstəmovanın “Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi və inkişaf mərhələləri” adlı irihəcmli tədqiqatları ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının üçüncü – “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” cildində anadilli bədii yaradıcılığın ilk nümunələrinin araşdırılması zamanı bu ədəbiyyatın həm ümumtrük qaynaqları, həm də Yaxın və Orta Şərq ədəbiyyatı ənənələri nəzərə alınıb. Orta əsrlər türk dilli və fars dilli Azərbaycan şairlərinin yaradıcılığı hərtərəfli tədqiq edilməklə bərabər, Məhəmməd Füzulinin təkraredilməz sənət incilərinin çağdaş ədəbiyyatşünaslıq elminin nailiyyətləri səviyyəsində interpretasiyasına xüsusi önəm verilib.

Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Ataəmi Mirzəyev, Azadə Rüstəmova, Möhsün Nağısoylu, Nüşabə Araslı, Fəridə Əzizova, Teymur Kərimli, Zəkulla Bayramlı Çingiz Sadıqoğlu, Qədim Qubadov, Firudin Qurbansoy, Vəcihə Feyzullayeva, Səltənət Əliyeva, Rəhim Əliyev, Səadət Şıxıyeva, Əbülfəz Kərimov, Könül Hacıyeva, Tahir Məhərrəmov, Azadə Musabəyli, Zəhra Allahverdiyeva, Gülçin Babayeva, Paşa Kərimov, Məhərrəm Qasımlı kimi alimlərin tədqiqatları yer alıb.

Kitabın birinci fəsli “XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı”, ikinci fəsli “XV əsr Azərbaycan ədəbiyyatı”, üçüncü fəsli “XVI əsr Azərbaycan ədəbiyyatı”nı əhatə edir. Azərbaycan, türk, rus, ərəb, fars, özbək, türkmən, tatar, ingilis və digər Avropa dillərində 869 sayında ədəbiyyat siyahısını Səadət Şıxıyeva, Səltənət Əliyeva, Fatimə Kərimova və Fidan Hacıyeva sistemləşdirib. Kitabda eyni zamanda ingilis və rus dillərində ətraflı xülasələr yer alıb.

Gülnar Səma                         

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …