
GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə İranın zədələnmiş nüvə obyektlərinə giriş icazəsi verməli olduğunu bildirib. Onun sözlərinə görə, Agentlik üçün ən vacib məsələ nüvə materiallarının harada saxlanıldığını, hansı miqdarda olduğunu və nə qədərinin itib-itmədiyini müəyyənləşdirməkdir ki, yoxlamalar davam etdirilə bilsin.
Qrossi deyib ki, zənginləşməsi 60 faizdən az olsa belə, nüvə materialına sahib olan hər bir ölkə “çirkli bomba” hazırlamaq imkanına malikdir. O, həmçinin bildirib ki, İranın bəzi sentrifuqaları ciddi zərər görsə də, ölkənin nüvə potensialı hələ də qalmaqdadır.
BAEA rəhbəri açıqlayıb ki, o, Qahirədə Abbas Əraqçi ilə yoxlamalarla bağlı texniki addımlar barədə razılıq əldə edib, lakin İran daha sonra bu razılaşmadan geri çəkilib. Qrossi vurğulayıb ki, İranla bağlı yoxlama məsələsi yenidən danışıqlar mövzusu olmamalıdır.
Onun sözlərinə görə, İran son illərdə elə qanunlar qəbul edib ki, bunlar Agentliklə əməkdaşlığı məhdudlaşdırır və monitorinq prosesini çətinləşdirir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi