
GADTB: Dörd azərbaycanlı milli fəal — Abbas Lisanı, Əli Xeyrcu, Behzad Dəşti və Yusif Karı — saxlanıldıqları gündən bir ay keçməsinə baxmayaraq hələ də Evin həbsxanasının 209-cu korpusunda və Təhlükəsizlik Nazirliyinin nəzarətində saxlanılırlar. Bu müddət ərzində yalnız Abbas Lisanı və Əli Xeyrcu ailələri ilə üç dəfə qısa telefon əlaqəsi saxlaya bilib, Bəhzad Dəşti isə cəmi bir dəfə zəng edə bilib. Yusif Karı isə bu günə qədər ailəsi ilə heç bir əlaqə qura bilməyib.
Əli Xeyrcunun səhhətində ağırlaşma səbəbindən xəstəxanaya aparılıb.
3 gün öncə ailəsinə qısa telefon zəngi edən Əli Xeyrcu bildirib ki, 17 Azərdə şiddətli qarın ağrıları səbəbilə Tehranın Qəmər Bəni-Haşim xəstəxanasına köçürülüb. Ultrasəs müayinəsi və laborator analizlər qarın divarında 2 sm və 1,5 sm ölçüsündə iki cırıq olduğunu göstərib. Buna baxmayaraq o, nə xəstəxanaya yerləşdirilib, nə də cərrahi müdaxilə alıb; yalnız dərman təyin edilərək yenidən ETTELAAT-ın 209-cu korpusuna qaytarılıb.
Ailələr xəstəliyin səbəbi barədə rəsmi məlumat ala bilməsələr də, saxlanma anında baş verən döyülmə nəticəsində bu vəziyyətin yaranmış ola biləcəyindən ciddi narahatdırlar.
Azərbaycanlı fəalların döyülməsi və ağır bədən xəsarətləri almaları
Məlumata görə, fəallar 22 Aban 1404-də Tehranın baş prokuroru Əli Salehi və Evin həbsxanasının rəisinə ünvanladıqları ayrı-ayrı məktublarla saxlanma zamanı vurulan xəsarətlərin qeydə alınması üçün təcili məhkəmə-tibbi ekspertizaya göndərilmələrini tələb ediblər.
Onların yaxınlarının bildirdiyinə görə:
Abbas Lisanının qabırğaları və boynu zədələnib, əllərindən birində sərt telli qandal səbəbilə hissiyat itkisi yaranıb.
Bəhzad Dəştinin burnu qırılıb.
Əli Xeyrcunun bir dişi sınıb, boyun nahiyəsi isə təpik və diz zərbələrinə görə xəsarət alıb.
Yusif Karının bədəninin müxtəlif nahiyələrində qançırlar və zədələr var.
Məlumatlarda qeyd olunur ki, dörd fəalın üzərinə saxlanma zamanı çoxlu şok cihazı və dəyənək zərbələri endirilib.
Hətta Evin həbsxanasının qarşısında yerləşdirilmiş təhlükəsizlik qüvvələrinin komandiri də burnunun qırılması iddiası ilə Abbas Lisanı barəsində şikayət verib.
Saxlanılma prosesi və irəli sürülən ittihamlar
Fəallar 20 Aban 1404-cü ildə səhər saatlarında Evin həbsxanasının qarşısında saxlanılıblar. Bir neçə saat sonra onlar Evin prokurorluğunun 6-cı istintaq şöbəsinə aparılıb və aşağıdakı ittihamlar elan olunub:
Abbas Lisanıya:
“Qanunsuz qrup yaratmaq və idarə etmək”
“Ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qrupvi fəaliyyət”
“İctimai asayişin pozulması”
Əli Xeyrcu, Yusif Karı və Bəhzad Dəştiyə:
“Qanunsuz qrupa üzvlük”
“Ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qrupvi fəaliyyət”
“İctimai asayişin pozulması”
Məlumata görə, “ictimai asayişin pozulması” ittihamı üzrə 1 milyard tümənlik girov, digər ittihamlar üzrə isə həbslə bağlı qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslər istintaq zamanı molla rejimin qüvvələri tərəfindən döyüldüklərini bildirərək tibbi ekspertizaya göndərilmələrini tələb etsələr də, istintaqçı onlara belə cavab verib:
“Siz müqavimət göstərmisiniz və əməkdaşlar da buna uyğun hərəkət ediblər.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi