
GADTB: Gecə boyu və bu günün ilk saatlarında Təbrizdə İran rejiminə məxsus mövqelər bir neçə dəfə güclü bombardmana məruz qalıb. Şahidlərin sözlərinə görə, hücumların birində Təbriz ətrafında azı 6 partlayış səsi eşidilib. Təbriz–Azərşəhr istiqamətində yerləşən “19 Zülfüqar” raket bazası da bombardman edilib. Bu obyekt Təbriz–Azərşəhr yolunun 15-ci kilometrliyində, Sərdrud və Yeni Səhənd şəhəri yaxınlığında yerləşir.
Urmiyada Şəhid Bəkiri hərbi düşərgəsi də hücum hədəfinə çevrilib. Qəzvində Nəcəfabəd kəndi vurulub. Həmədanda isə Babatəhir məqbərəsi yaxınlığında bir nöqtə hədəfə alınıb və hücum nəticəsində məqbərənin bəzi daşları və bəzək elementləri zədələnib.
Şənbə axşamı və bazar günü səhər saatlarında Zəncanda həyata keçirilən hava hücumu nəticəsində bir yaşayış binasına zərər dəyib.
Eyni zamanda Ərak (Xeyrabad sənaye şəhərciyi), Kərəc və Şəhriyar şəhərlərində də sənaye və hərbi obyektlər hədəfə alınıb.
İranın daxili media orqanlarının məlumatına görə, şənbə axşamı və bazar günü səhər saatlarında Tehranın müxtəlif bölgələri də hücumlara məruz qalıb. Bu bölgələr arasında Məsudiyyə, Xosrov Pərviz (15 və 21-ci rayonlar), Söhrəvərdi, Şəhid Məhəlləti qəsəbəsi, Sabunçi, Şəhri-Reydə yerləşən Səzdə Aban, Yas Fatimi parkı, Ordu avtomagistralı – Qaim bulvarı, Darabad, Pasdaran, Nobonyad, Risalət (Elm və Sənaye Universiteti ətrafı), Mehrabad (hava limanı yaxınlığı), Şadabad, 17 Şəhrivar və Kələhdüz kimi ərazilər qeyd olunur. Həmçinin Qəzvin (Nəcəfabəd kəndi) və Xomeyn (Şəhabiye bölgəsi) ətrafında da hücumların baş verdiyi bildirilib.
Məlumatlara görə, şənbə axşamı və bazar günü sübh saatlarında Minab şəhərində bir tibb məntəqəsi hava hücumuna məruz qalıb. Bu Buşehr şəhərində isə şəhər əraziləri ilə yanaşı atom elektrik stansiyasının ətrafı, dəniz xidmətləri ilə bağlı sənaye mərkəzləri və Deyr limanında bir sənaye obyekti hədəf alınıb.
Digər məlumatlara əsasən:
Firuzabad şəhərində sement zavodunun mədən sahəsi,
İsfahanda Mübarəkə Polad Zavodu,
Xuzistanda Xuzistan Polad Kompleksi,
Xondabda Ağır Su Kompleksi (nüvə obyektləri),
Bəmdə hava limanı yaxınlığı hücum nəticəsində zərər görən yerlər sırasındadır.
Yerlı rəsmilərin bildirdiyinə görə, Xuzistan vilayətinin Həftkəl şəhərində ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində şəhərin su mənbəyi də zədələnib. Hadisə zamanı insan itkisi qeydə alınmasa da, şəhərin içməli su təminatı alternativ mənbələr hesabına davam etdirilir.
Daxili media orqanlarının məlumatına görə, bu hücumlar nəticəsində 40-dan çox insanın həlak olduğu bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Tehranın qərbində yerləşən Cənnətabad bölgəsində bir neçə binanın hava hücumu nəticəsində dağıldığı görünür. Məlumatlara görə, hücumdan sonra həmin ərazidə elektrik enerjisi kəsilib.
Digər görüntülər isə Tehranın Məsudiyyə bölgəsində həyata keçirilən hücumun izlərini göstərir. Fotolarda hədəfə alınmış bir bina və ətraf tikililərə dəyən ziyan aydın görünür.
Şənbə axşamı İsfahanın müxtəlif bölgələrinin sakinləri də partlayış səsləri və döyüş təyyarələrinin uçuşu barədə məlumat veriblər. Bu məlumatlar əsasən Şimali İsfahan, Şahinşəhr, Dövlətabad, Kave, Bahənər və Mübarəkə ərazilərindən gəlib.
Bəzi yerli mənbələr bir neçə ərazidə elektrik enerjisinin kəsildiyini bildirir. Eyni zamanda bəzi məlumatlarda İsfahan Optik Sənayesi ətrafının hədəfə alındığı ehtimal edilir, lakin bu məlumatlar hələ müstəqil şəkildə təsdiqlənməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi