
GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri sentyabrın 8-də, son iki gün ərzində İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmiyə həyata keçirdiyi iki uğursuz raket hücumuna cavab olaraq Oman dənizində və Xark adası yaxınlığında SEPAH-a məxsus beş neft tankerini məhv edib.
Açıqlamaya görə, hücumlar nəticəsində ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb. ABŞ qüvvələri tankerləri hədəfə almamışdan əvvəl onların ekipajlarına gəmiləri tərk etmək barədə xəbərdarlıq edib.
CENTCOM-un açıqlamasında deyilir: “Tampa, Florida — ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri sentyabrın 8-də, 17 şəhrivər tarixində, xam neft daşıyan beş İran tankerini məhv edib. Bu əməliyyat İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmiyə iki dəfə ballistik raketlərlə hücum etməsindən sonra həyata keçirilib.
ABŞ hərbi gəmisi İran İslam Respublikasının bu hücumlarından uğurla yayınıb və regionun sularında patrul fəaliyyətini davam etdirib. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.
İran İslam Respublikasının son uğursuz hücumlarına cavab olaraq CENTCOM Oman dənizində SEPAH-a məxsus xam neft daşıyan “Kaviz”, “Charminar”, “Horizon 1” və “Risko” tankerlərini, həmçinin Xark adası yaxınlığında “Darya” tankerini məhv edib. ABŞ qüvvələri bu gəmiləri hədəfə alaraq sıradan çıxarmazdan əvvəl onların ekipajlarına gəmiləri tərk etmək barədə göstəriş verib.
İran İslam Respublikası bu tankerlərdən SEPAH-ın və onun regiondakı proksi qüvvələrinin maliyyələşdirilməsini təmin edən milyardlarla dollarlıq gizli şəbəkə çərçivəsində istifadə edib. İran İslam Respublikasının bu gəmiləri müdafiə etmək üçün heç bir vasitəsi yoxdur.
Sentyabrın 5-də, SEPAH-ın ABŞ-a məxsus təyyarədaşıyan gəmi və raketlərə malik esminesə hücum etməyə cəhd göstərməsindən sonra CENTCOM üç İran neft tankerini məhv edib. SEPAH-ın ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinə qarşı bütün hücum cəhdləri uğursuzluqla nəticələnib.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi