GADTB: Yaxın vaxtlarda İranda Ermənistan, İran və Hindistan rəsmilərinin iştirakı ilə ticarət marşrutunun işə salınmasına dair görüş baş tutacaq. Bunu “Sputnik Ermənistan” logistika şirkətlərindəki mənbələrinə istinadla bildirib.
Məlumata görə, İranda keçiriləcək görüşdə üç ölkənin nəqliyyat sektorunun nümayəndələri İranın Çabahar limanının infrastrukturu ilə tanış olacaqlar, eyni zamanda Ermənistanın bu limandakı icraçı fəaliyyətini və bu marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.
Ticarət marşrutunun Fars körfəzi ölkələri və Hindistandan Avropa İttifaqı və Avrasiyaya yüklərin daşınması üçün istifadə olunacağı gözlənilir.
Qeyd olunub ki, mallar Hindistanın Mumbay limanından İranın Çabahar limanına, quru (avtomobil və ya dəmir yolu) ilə Ermənistana, daha sonra Gürcüstana, oradan Bolqarıstan və ya Yunanıstan limanlarına ya da dəniz limanları vasitəsilə Lars məntəqəsindən Rusiyaya nəql ediləcək, sonda isə Avropanın müxtəlif istiqamətlərinə çatdırılacaq. /Azad İran