Çərşənbə axşamı , May 11 2021
azfa

Ermənistan Metsamoru nüvə qaçaqmalçılığı mərkəzinə çevirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Metsamor Atom Elektrik Stansiyasını nüvə qaçaqmalçılığı mərkəzinə çevirib.

Aprelin 16-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Kutaisi şəhərində 300 min avro dəyərində radioaktiv maddə satmaq istəyən iki nəfəri saxlayıb. Ələ keçirilən “Ameritsin-241” (Am241) radioaktiv maddəsi insan orqanizmi üçün təhlükəlidir.

Bu informasiya diqqəti bölgədə radioaktiv maddələrin qaçaqmalçılığına yönəldir. Gürcüstan təhlükəsizlik xidmətinin əməkdaşları əvvəllər də belə qaçaqmalçılıq faktlarını aşkarlayıb. Bir müddət öncə Kabuletidə 2,8 milyon dollar dəyərində radioaktiv maddə saxlayan iki Gürcüstan vətəndaşı, həmçinin, radioaktiv maddə daşıyan Ermənistan vətəndaşı Militos M. saxlanılıb.

2016-cı ilin aprelində isə Tbilisidə uran-238 maddəsi ilə altı şəxs saxlanılmışdı. Ardınca uran satmağa çalışan 5 nəfər həbs olundu.

Cənubi Qafqazda radioaktiv maddə qaçaqmalçılığı Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasından həyata keçirilir. Faktlar Ermənistanın radioaktiv maddələri Gürcüstan və İrana apardığını təsdiqləyir.

Ermənistanda “Metsamor”un radioaktiv maddələrindən istifadə edərək, “çirkli bomba” yaratmaq istədiklərini gizlətmirlər. 2016-cı ilin “aprel müharibəsi”ndə belə planlar haqda etiraflar gündəmə gəlmişdi. Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçısı Qriqori Ayvazyanın bu günlərdə səsləndirdiyi etiraflar bu kontekstdə diqqət çəkir.

“Ermənistan Cənubi Qafqazda təkcə nüvə dövləti yox, həm də “çikrli bomba” yarada biləcək dövlət ola bilər”, – Ayvazyan bildirir.

“Metsamor”: bu, AES həm bölgədə uran qaçaqmalçılığının, həm də nüvə təhlükəsinin mənbəyidir. AES-də istifadə olunan sistemlərin köhnəliyi hər an sızıntı olması və bölgədə yeni Çernobıl faciəsinin yaşanması riskini artırır.

Erməni dilində “Oktemberyan-1” adlanan “Metsamor” AES iki ayrı blokdan ibarətdir. Bloklardan birincisi 1976-cı, ikincisi isə 1979-cu ildə istifadəyə verilib. AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Dünyanın imtina etdiyi bu texnologiyadan hazırda “Metsamor” AES-də istifadə edilir. Bu texnologiya baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir.

SSRİ dövründə inşa edilmiş “Metsamor”da VVER, PBMK, EGP və BN olmaqla dörd moduldan istifadə edilir. Halbuki, təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən olunub. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. “Metsamor” da məhz VVER modeli ilə çalışır.

Stansiyanın ilk modulu VVER440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi “Metsamor”un Çernobıldan da riskli olduğunu sübut edir. Çünki bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnəlmiş olan layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələri ortaya çıxarır.

“Metsamor”un VVER-440/270 modelinə əsasən tikilən ikinci bloku isə nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur.

AES-in ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri də onun Rixter cədvəlinə görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında yerləşməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir. İndiyə qədər “Metsamor” AES-də 5 böyük, 150-dən çox kiçik qəzalar baş verib. Qəzalardan ən böyüyü 1988-ci ildə Ermənistanın Spitak (Hamamlı) ərazisində baş vermiş zəlzələ zamanı qeydə alınıb. Bu zəlzələdən sonra stansiyada baş vermiş nasazlıq üzündən SSRİ rəhbərliyinin qərarı ilə AES bağlanmışdı. Elə həmin qəzada generatorun partlaması və əlaqə kabellərinin yanması nəticəsində stansiyanın onsuz da etibarlı olmayan müdafiə sistemi də məhv oldu. Lakin stansiyanın yaratdığı təhlükələrə rəğmən Ermənistan hakimiyyəti 1995-ci ildə onun fəaliyyətini yenidən bərpa etdi.

“Metsamor”un təhlükəsini anlayan dünya stansiyanın bağlanmasına çalışır, lakin hələ də heç bir nəticə əldə olunmayıb. Avropa İttifaqı “Metsamor”un 2011-ci ildən gec olmayaraq bağlanmasını və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də qarşı tərəf 1 milyard avro tələb edib. Nəticədə razılaşma baş tutmadı. Bu isə stansiyanın bağlanmasında Ermənistanın maraqlı olmadığını göstərir. Ermənistan “Metsamor”u 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Rəsmi İrəvan stansiyanın fəaliyyətini dayandırmamasının səbəbini alternativ enerji mənbəyinin olmaması ilə bağlayır. Lakin Avropa İttifaqının hesablamalarına görə, qəzalı vəziyyətdə olan bu AES-də hər an baş verə biləcək partlayışdan təkcə Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcək.

Nüvə texnologiyası üzrə mütəxəssislərin fikrincə, “Metsamor”un istifadə müddəti 2001-ci ildə başa çatıb. Dünya təcrübəsinə görə, istifadə müddəti başa çatmış nüvə reaktorlarının fəaliyyəti dayandırılır. Misal üçün, Almaniya və digər ölkələrdə 1976-cı ildə tikilmiş reaktorlar sıradan çıxarılıb. BMT-nin nüvə təhlükəsizliyi konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.

İşğal dövründə Ermənistanın “çirkli bomba”ları Qarabağda hazırladığına dair faktlar var. “Begin-Sadat Mərkəzi”nin və Bar İlan Universitetinin baş elmi işçisi Aleksandr Murison “Washington Times” nəşrində dərc olunan məqaləsində yazırdı ki, “çirkli bombalar” terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir: “Ermənistanın da bu bombaları xüsusən Azərbaycanın işğal etdiyi ərazilərində hazırlaması barədə məlumatlar var. Hazırda çox güman ki, həmin ərazilərdə Ermənistan qaçaqmalçılıqla məşğul olur”.

2016-cı ildə Gürcüstanda saxlanılan uran qaçaqmalçılarının “Metsamor” AES-in keçmiş işçiləri və Ermənistan parlamentinin keçmiş deputatı “Şmays” ləqəbi ilə tanınan Arakel Movsisyanın yaxın qohumları olması faktı təsdiqləyir. 2016-cı ildə “aprel müharibəsi”ndən sonra Ermənistanın sabiq baş naziri Qrant Baqratyan, həmçinin, “Komandos” ləqəbli general Arkadi Ter-Tadevosyan “çirkli bomba” adlandırılan atom bombasına malik olduqlarını iddia edərək, Azərbaycanı vurmaqla hədələyirdi.

Bu faktlar fonunda Kutaisidə radioaktiv maddə satmağa çalışan şəxslərin həbs edilməsi Ermənistanın həyata keçirdiyi “çirkli bomba” qaçaqmalçılığının hələ də davam etdiyini təsdiqləyir. Bu qaçaqmalçılığın qarşısını almaq və bölgəni yeni Çernobıl təhlükəsindən qorumağın yeganə yolu çoxdan köhnəlmiş “Metsamor” AES-in bağlanmasıdır. Əks təqdirdə nəticələr ağır ola bilər…

Həmçinin yoxlayın

Kərbəla şiələri “Rədd ol Xamenei və Rədd ol İran” şüarı ilə İran konsulluğunu yandırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terroru dəstəkləməklə İraqda sabitliyi pozması İraq şiələrinin …

Uyğur türklərini soyqırıma məruz qoyan Çin soyqırımı əks etdirən tədbirləri baykot etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, uyğur türklərini soyqırıma məruz qoyan Çin soyqırımı əks …