GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanda Türkiyə və Azərbaycana qarşı “Hərbi Vətənpərvərlər Məktəbi” (POGA) adlı yeni terror təşkilatı yaradılıb.
Təşkilatın əsas hədəfi erməniləri Azərbaycan və Türkiyəyə qarşı silahlandırmaqdır.
Erməni diasporu ilə yanaşı, PKK və ASALA terror təşkilatının da dəstəklədiyi POGA bu ilin 29 mart tarixində fəaliyyətə başlayıb. Ardınca hərbi təlimlərin keçirilməsi planlarını sosial şəbəkələr üzərindən elan etdi. Hətta POGA məktəbini təbliğ edənlərə 100 dollardan çox pul da ödənilir.
POGA 18-55 yaş arası bütün erməniləri Azərbaycan və Türkiyəyə qarşı silahlanmağa çağırır. Təşkilat təlimlərdə iştirak üçün Moskvadan gəlmək istəyənlərin aviabiletlərini də alır.
POGA-nın təlimlərində keçmiş hərbçi olan qadın və kişilərin iştirak etdiyinə dair məlumatlar var. Təlimə atış, ilkin tibbi yardım, hərbi taktika və hərbi texnika ilə işləmək daxildir. Təşkilatın Feysbuk səhifəsində Türkiyə və Azərbaycan əleyhinə “Düşmənimiz sərhədin o tayındadır” şüarı da yer alır.
Ermənistanda eyniprofilli VOMA adlı təşkilat da fəaliyyət göstərir. VOMA dünyanın müxtəlif yerlərindən erməni gəncləri toplayaraq, hərbi təlimlər keçirir, Azərbaycana qarşı döyüşlərə hazırlaşdırır. 44 günlük müharibədə Ermənistan ordusu tərkibində Azərbaycana qarşı döyüşənlər arasında VOMA terrorçuları idi.
Müharibədən sonra VOMA ilə yanaşı, POGA-nın da yaradılması Ermənistanın terror hücumlarını davam etdirəcəyi və bu prosesə bütün dünyadakı erməniləri cəlb etməyə hazırlaşdığından xəbər verir.