GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda həbsdə olan erməni hərbi cinayətkarların cinayət işi məhkəməyə göndərilib. Onlar Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlər törətməkdə ittiham olunurlar.
Prokurorluqdan bildirilib ki, 2 may 2024-cü il tarixdə Baş prokurorun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Baş Prokurorluğun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti Cinayət Məcəlləsinin azı 24 maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Məhkəmə işinə Zeynal Ağayevin rəhbərlik etdiyi hakimlər heyəti baxacaq.
Qeyd edək ki, Zeynal Ağayev Bakı Hərbi Məhkəməsinin sədridir. O, bu vəzifəyə aprel ayında təyin olunub.
İş üzrə digər hakimlər Anar Rzayev və Camal Ramazanovdur.
Cinayət işi artıq icraata götürülüb, məhkəmənin vaxtı hələlik məlum deyil.