GADTB: 1920-ci ilin aprel-sentyabr aylarında Cənubi Azərbaycanda Milli hökumətin yaradılması ilə nəticələnən Şeyx Məhəmməd Xiyabani hərəkatına dair İranda onlarla maraqlı tədqiqat əsərləri, kitablar, xatirələr, məqalələr yazılıb. Həm Sovetlər dönəmində, həm də 1991-ci ildən başlanan müstəqillik illərində Azərbaycan Respublikasında da Azərbaycan milli-demokratik hərəkatları tarixində əhəmiyyətli yer tutan Xiyabani hərəkatı, Təbriz üsyanı və Milli hökumətin fəaliyyəti geniş tədqiq edilib.
Ənənəvi Sovet ideologiyasına uyğun olaraq bu hərəkatı milli azadlıq hərəkatı kimi, monarxiya sisteminə qarşı demokratik mübarizə kimi, ya da milli-demokratik hərəkat kimi qiymətləndirənlər olub. Müstəqillik illərində ölkəmizin bir sıra tanınmış tədqiqatçıları, xüsusilə Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə, Ədalət Tahirzadə, Vidadi Mustafayev və başqaları Xiyabani hərəkatı barəsində dəyərli əsərlər və elmi məqalələr yazıblar. Amma təqdim edilən məqalədə məqsəd tariximizin bu şərəfli səhifəsinə məhz iranlı, daha doğrusu, cənubi azərbaycanlı müəlliflərin gözü ilə nəzər salmaq, tam yüz il bundan əvvəl baş vermiş bu hərəkatın tarixi dərslərini bir daha yada salmaqdır.
İran tarixçilərinin qeyd etdikləri kimi, Şeyx Məhəmməd Xiyabaninin də yaxından iştirak etdiyi, uğrunda qəhrəmanlıqla vuruşduğu Məşrutə inqilabının nailiyyətlərini uzun müddət üçün qoruyub saxlamaq mümkün olmadı. Əsrlər boyu hökm sürən mütləq monarxiya sistemli İran Qacarlar dövləti Məşrutə (Konstitusiya) hərəkatı nəticəsində (1906-1911) Məclisə (Parlament) və Baş Nazirin rəhbərlik etdiyi hökumətə sahib olsa da, əslində, şahın hakimiyyəti çox az məhdudlaşdırılmışdı, üstəlik, bir-birini əvəz edən, daim xarici yardımlara möhtac olan sonuncu Qacar şahları ölkədə müstəqil daxili və xarici siyasət yeridə bilmirdilər. Əhməd Kəsrəvinin “Azərbaycanın on səkkiz illik tarixi” əsərində yazdığı kimi, hələ 1907-ci ildən Britaniya və Rusiyanın təzyiqləri altında qalan İran felən bu iki dövlətin təsir zonalarına bölünmüşdü. 1910-cu ilin oktyabrında ölkənin cənub bölgələrini öz təsir dairəsində saxlayan Britaniya Tehrana ultimatum vermişdi, 1911-ci ilin noyabrında ölkənin şimalını faktiki işğal etmiş Rusiya da ölkənin şimal qismini yarımmüstəmləkə halına salan ultimatumu Tehran hökumətinə təqdim etmişdi. Məclis buna ciddi müqavimət göstərsə də, hökumət ulti-matumu qəbul etmiş, parlament isə buraxılmışdı. Yaranmış şəraitdə Məşrutə hərəkatının inqilabi nailiyyətləri də artıq təsir gücünü itirmişdi, təcrübəsiz Əhməd şahın daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də regionda Rusiyanın, Osmanlı dövlətinin, Böyük Britaniyanın və Almaniyanın toqquşan mənafelərinin yaratdığı mürəkkəb vəziyyətdə sabit siyasət kursu yox idi. Ölkədə zülm və istibdada, özbaşınalıq və qanunsuzluğa qarşı etirazlar doğulduğu kimi, həmçinin, dövlətin müstəqil siyasət yeritməməsinə qarşı da kəskin narazılıqlar artmaqda idi.
İran tarixçisi T.Atabəyi Tehranda nəşr edilmiş “Azərbaycan müasir İranda” kitabında M.Xiyabani hərəkatı ərəfəsində İranda yaranmış ictimai-siyasi şəraiti özünəməxsus şəkildə dəyərləndirərək yazır ki, Azərbaycan əyaləti (Cənubi Azərbaycan – E.M) bir neçə il Osmanlı qoşunlarının nəzarəti altında qalsa da, pantürkizm ideyaları burada çox da irəliləmədi, üstəlik, osmanlılarla Azərbaycan demokratları arasında etimadsızlıq münasibətləri davam edirdi. Demokratların tanınmış rəh-bəri M.Xiyabaninin və həmkarları Nobəri və Badamçının osmanlılar tərəfindən həbs edilib sürgünə göndərilməsi bu inamsızlığı daha da artırdı. M.Xiyabani və yaxın həmkarlarının osmanlılar tərəfindən həbs edilməsinin səbəbləri və onların həbsxana həyatının təfərrüatlarını M.Badamçı “Şeyx Məhəmməd Xiyabaninin həyatı və fəaliyyəti” adlı kitabda ətraflı qələmə almışdır. Badamçı yazır: “Osmanlılar Təbrizə daxil olandan sonra burada “İslam ittihadı” cəmiyyəti təşkil etdilər, əslən Badkubədən (Bakını İran tarixçiləri çox zaman belə adlandırırdılar – E.M.) olan ziyalı, müəllim Yusif Ziya bəyi bu təşkilata sədr müəyyən etdilər və yavaş-yavaş hökumətin işlərinə müdaxilə etməyə başladılar. Cəhd etdilər ki, türk, fars, İran, Turan söhbətləri salıb İranın ayrılmaz hissəsi olan Azərbaycanı Qafqaza birləşdirib Osmanlı məmləkətinə çevirsinlər. Bu zaman bu iddialara qarşı dura biləcək yeganə qüvvə Demokrat partiyası idi. Buna görə daxildəki şərəfsiz xainlərin xidmətindən də istifadə etməklə, osmanlılar hicri-qəməri tarixi ilə 1336-cı il zulqəddənin 8-də Məhəmməd Xiyabanini, Mirzə İsmayıl Noubərini və bu sətirlərin müəllifini (Badamçını) həbs edib Urmiyəyə apardılar, iki ay həbsdə saxladılar… Urmiyəni boşaldıb geri çəkildikləri zaman məhbusları Qarsa götürdülər… 15 gün həbsdən sonra biz məhbusları azad edib Təbrizə qayıtmağa icazə verdilər. Qafqazdakı və İrandakı türk qoşunlarının baş komandanı Şövqi paşa bu icazəni verdi”.
Belə bir şəraitdə ölkədə demokratik-milli hərəkatın yeni dalğası – M.Xiyabani hərəkatı yetişirdi. M.Xiyabaninin ictimai-siyasi görüşlərini, nəzəri və əməli fəaliyyətlərini ətraflı təsvir edən Badamçı məqaləsinin “Şeyxin siyasi həyatı” bölümündə onun qısa tərcümeyi-halını da vermişdir.
Güney Azərbaycanın görkəmli ziyalısı və ictimai xadimi Salamullah Cavid özünün “Xatirat dəftəri”ndə M.Xiyabaninin şəxsiyyətinə və onun başçılıq etdiyi hərəkata xüsusi yer vermiş, hərəkatda olan müxtəlif təmayüllər arasındakı ziddiyyətlərə öz münasibətini bildirmişdi. Cənubi azərbaycanlı ziyalılardan Səməd Sərdariniyanın “Azərbaycan məşhurları” kitabının II cildində Ş.M.Xiyabani və onun silahdaşları haqqında məlumatlar vermişdir. Zöhrə Vəfalının “Azərbaycanın adlı-sanlı şəxsiyyətləri” kitabında da M.Xiyabaninin fəaliyyəti barədə materiallar öz əksini tapmışdır.
M.Xiyabani 1880-ci ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində anadan olmuşdur. Məktəb və mədrəsə təhsili almış M.Xiyabani atasının ticarət işləri ilə əlaqədar bir neçə il Rusiyanın Petrovsk (Azərbaycanın qədim şəhəri Dərbənd və ətraf bölgələr XIX əsrin əvvəlində Rusiya tərəfindən ələ keçirildikdən sonra Mahaçqala şəhərinin adı Petrovsk ilə əvəz edilmişdi – E.M.) şəhərində yaşamışdı, Təbrizə qayıdandan sonra həm müəllimlik, həm də dini fəaliyyətlə məşğul olmuşdu, Məşrutə hərəkatının həm yetirməsi, həm də fəal iştirakçısı idi. O, Məşrutə hərəkatı zamanı qəhrəman Səttarxanın başçılığı ilə irtica qüvvələrinə qarşı döyüşlərdə şücaət göstərmiş, Təbrizin Xiyaban məhəlləsində üsyana rəhbərlik edərək müdafiəni bacarıqla təşkil etdiyinə görə “Xiyabani” təxəllüsünü qazanmışdır. İranda Məşrutə inqilabından sonra formalaşan İkinci Məclisə keçirilən seçkilərdə isə o, Azərbaycan üzrə namizədliyini irəli sürmüş və seçilmiş digər on bir deputatla bərabər, Azərbaycanı Tehranda – İran parlamentində təmsil etməyə nail olmuşdu. Ə.Kəsrəvi 1923-cü ildə yazdığı “Şeyx Məhəmməd Xiyabani qiyamı” adlı əsərində qeyd edirdi ki, M.Xiyabani parlamentdə nitqləri ilə kifayət qədər tanınan və sayılan Məclis üzvlərindən olmuşdu, onun xüsusilə də 1911-ci ildə Rusiyanın İrana ultimatumunu sərt tənqid etməsi yaddaşlarda yaxşı qalmışdı. 1917-ci ildə M.Xiyabani həmkarı Z.Qiyami, M.İ.Nobəri, M.Ə.Badamçı, İ.Əmirxizi, M.T.Rəfət, A.Abdullazadə, Ə.Çayçı və başqaları ilə birlikdə Azərbaycan Demokrat Partiyasının (ADP) fəaliyyətə başladığını xalqa elan edərək partiyanın rəsmi orqanı olan “Təcəddod” qəzetini nəşr etməyə başladı. Həmin ildə Rusiyada baş vermiş inqilabi hadisələr Azərbaycanın quzeyində olduğu kimi, güneyində də böyük əks-səda doğurmuş, müxtəlif şəhərlərdə mövcud rejimə qarşı mitinq və nümayişlər keçirilmişdi. Həmin hadisələrdə M.Xiyabani yaxından iştirak etmişdi. Əslində, məhz cənubi Azərbaycanda baş vermiş xalq hərəkatı nəticəsində İran mərkəzi hökuməti istefaya getməyə məcbur olmuşdu. ADP yeni hökumətə Azərbaycanın 8 maddədən ibarət tələblərini irəli sürmüşdü ki, onlar arasında Məclisə və əyalət əncümənlərinə demokratik seçkilərin keçirilməsi də daxil idi. T.Atabəyi yazır ki, 1918-ci ilin qışında, Azərbaycanın aclıqla üzləşdiyi bir vaxtda demokratların xalqa taxıl paylanılması da daxil olmaqla, bir sıra tədbirlər həyata keçirməsi təbii olaraq həm yerli əyalətdə, həm də ümumiyyətlə, bütün İranda partiyanın nüfuz və şöhrətinin yüksəlməsinə səbəb oldu.
Qeyd etmək lazımdır ki, bolşevik Rusiyası 1918-ci ilin əvvəllərində rus qoşunlarını İran ərazisindən çıxarmağa başlamışdı, lakin bu ölkənin cənubuna və mərkəzinə tam nəzarət edən ingilisləri Azərbaycanı da təsir dairəsinə almağa şirnikləndirmiş və həmin ilin baharında onlar artıq Azərbaycanın Zəncan, Miyanə, Urmiya və Xoy şəhərlərinə daxil olmuşdular. İngilis və amerikan missionerlərindən dəstək alan ermənilər, aysorlar və kürdlər Azərbaycanın Urmiya, Səlmas, Xoy və digər şəhərlərində azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətdilər. Bu hadisələr barəsində dövrün şahidi və tədqiqatçısı olan Ə.Kəsrəvinin əsərlərində, həmçinin, sonrakı dövr İran tarixçilərinin tədqiqatlarında ətraflı məlumat verilmişdir. Belə mürəkkəb vəziyyətdə M.Xiyabaninin başçılığı ilə Azərbaycan Demokrat Partiyasının yaratdığı könüllü dəstələr bu qırğınların qarşısının alınmasında əhəmiyyətli rol oynadılar. 1918-ci ilin martında Ehsan paşanın başçılığı ilə türk qoşunlarının Cənubi Azərbaycana daxil olması Azərbaycan türklərini bu qırğınlardan xilas etdi.
1918-ci oktyabrın 30-da bağlanmış Mudros sazişinə görə, türk qoşunlarının Cənubi Azərbaycandan geri çəkilməsindən sonra sürgündən qayıdan M.Xiyabani demokratların ən görkəmli rəhbərinə çevrildi. Həmin vaxtdan etibarən M.Xiyabani İranda köklü dəyişiklik siyasətini əsas tutaraq, Azərbaycana daha geniş yerli muxtariyyət verilməsinin zəruriliyini irəli sürməyə başladı. M.Xiyabani və məsləkdaşlarının xalq arasında məqsədyönlü iş apar-dıqlarının nəticəsi idi ki, 1919-cu ilin avqust-sentyabr aylarında gərgin siyasi mübarizə şəraitində keçən 4-cü çağırış İran Parlamentinə Təbriz və şəhərətrafı məntəqələrdən seçilən 9 deputatdan altısı Demokrat Partiyasının təmsilçisi idi və onların içərisində ən tanınmışı məhz M.Xiyabani idi.
İran tarixçiləri arasında Şeyx Məhəmməd Xiyabani hərəkatına dair ilk xüsusi əsəri Əhməd Kəsrəvi yazmışdır. O, bu hərəkatın fəallarından biri və özünün yazdığına görə M.Xiyabaninin dostu və həmkarı olmuşdur. 1923-cü ildə, M.Xiyabani hərəkatının süqutundan üç il sonra onun Xuzistan əyalətində ədliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi vaxt həmkarı Hüseyn Kazımzadə İranşəhrin xahişi ilə qələmə aldığı “Qiyam-e Şeyx Məhəmməd Xiyabani” əsəri şəxsi müşahidə və mülahizələr, xatirələr, çox hallarda isə tənə və ittihamlar əsasında yazılmış, Berlində Kazımzadənin nəşr etdiyi “İranşəhr” jurnalında dərc edilmişdi. Bu əsərin əhəmiyyəti ondadır ki, Azərbaycanda və bütün İranda bu gün üçün də əhəmiyyətli olan, insanların zehniyyətinə, ictimai-siyasi hadisələrə əhəmiyyətli təsir göstərən hadisəyə həsr olunmuşdur. M.Xiyabani üsyanı, ondan sonra baş verən Cəngəl hərəkatı və Kolonel Məhəmməd Tağı xan Püsyan qiyamı – hamısı məğlubiyyətə düçar olsalar da, ictimai-siyasi fikrə, zehinlərə və düşüncələrə müəyyən təsir qoymuşdular.
Ümumiyyətlə, İran tarixşünaslığında ilk əvvəllər M.Xiyabani hərəkatına iki cür münasibət mövcud olmuşdur. Bir tərəf Xiyabanini və havadarlarını ayrımçı hesab edərək iddia edirlər ki, əgər M.Xiyabani qalib gəlsəydi, onda onun “Azadıstan” adlandırdığı Azərbaycan İrandan ayrılmış olacaqdı və güman ki, iki qonşu dövlətdən biri ilə birləşmiş olacaqdı. Buna görə də, bu yanaşmanın tərəfdarları M.Xiyabani hərəkatına mənfi münasibətlərini gizlətmirlər və Ə.Kəsrəvi də yuxarıda adı çəkilən əsərində bunu vurğulayırdı.
İkinci qrup tədqiqatçılar isə Xiyabanini azadlıqsevər və demokrat kimi qiymətləndirir və onun məqsədinin Azərbaycanda, sonra isə bütün İranda demokratik hakimiyyətin qurulması olduğunu göstərərək ona rəğbətlə yanaşırlar. Şübhə yox ki, M.Xiyabani hərəkatının, onun səbəb və nəticələrinin tərəfsiz, dəqiq və obyektiv təhlili və qiymətləndirilməsi uzun zaman tarixi tədqiqatların əsas problemlərindən biri olaraq qalacaqdır.
Ə.Kəsrəvinin əsərinin əhəmiyyəti həm də ondadır ki, o, özü həmin hadisələrin şahidi və iştirakçısı olmuşdur, bir tarixçi kimi hadisələri ardıcıllıqla təsvir və təhlil etmiş, Demokrat partiyasının üzvü kimi M.Xiyabani və tərəfdarları ilə yaxından əməkdaşlıq etmiş, partiyadaxili mübahisələrin iştirakçısı olmuşdur.
Ə.Kəsrəvi M.Xiyabani ilə ilk dəfə Məşrutə fərmanı verilən zaman, şəmsi 1285-də, miladi 1906-cı ildə tanış olub. Təbrizin Talibiyyə mədrəsəsində təhsil alan on altı yaşlı Ə.Kəsrəvinin müəllimlərindən biri də otuz yaşlı M.Xiyabani idi. Ə.Kəsrəvi yazır: “Onun işıqlı ağ bənizi, qara saçı, arıq bədəni, iri qara gözləri, eynək altıdan görünən iti baxışları diqqəti cəlb edirdi. Məhəmməd Xiyabanidə ciddiyyət və məxsusi zirəklik gözə çarpırdı, onunla üz-üzə gələndə ciddi və cəlbedici sifətinə tamaşa etməyi xoşlayırdım. M.Xiyabani bir məhəllə məscidinin və mədrəsə müəlliminin bilməsi gərəkən səviyyədə fiqhi, üsulu, ərəb dilini bilirdi, bundan başqa, riyaziyyatı da yaxşı bilirdi, bir müddət sonra Təbrizin Xiyaban məhəllə məscidində pişnəmaz oldu və mədrəsəni tərk etdi. Məhəmmədəli şahın Tehran çevrilişindən və Təbrizin bir sıra düşüncə adamlarının ona dəstəyindən sonra M.Xiyabani “Təbriz azadixahları”nın cərgəsinə qoşulmuş və məşrutəçilərin qələbəsindən sonra Təbriz əhalisinin nümayəndəsi olaraq ikinci Məclisə (Parlamentə – E.M.) seçilmişdi. Rus qoşunları Təbrizi işğal edərək “azadixahları” qırğına və işgəncələrə məruz qoyduqdan sonra M.Xiyabani bir müddət Qafqazda mühacirətdə olmuş, sonra Təbriz imam cüməsinin vəsadəti ilə Təbrizə qayıt-mışdı, lakin ruslar şəhərə nəzarət etdiklərindən o, bir fəaliyyətlə məşğul olmayıb evinə qapanmışdı. Bir müddətdən sonra o, pişnamazlığı tərk edib Təbriz bazarındakı dükanında alverlə məşğul olmuşdu. Ə.Kəsrəvi yazır ki, Təbriz azadixahları hücrələrə çəkilib diqqət çəkmədən ölkə işləri ilə əlaqədar mübahisə və müzakirələr aparırdılar. Müdrikliyi, sanbalı, iti ağlı sayəsində gündən-günə M.M.Xiyabaninin nüfuzu artırdı və nəticədə ətrafında olan müridləri, ardıcılları toplaşaraq onu özlərinə rəhbər seçdilər.
Bununla yanaşı, kitabda M.Xiyabani hərəkatını nehzət (hərəkat), yaxud inqilab kimi yox, daha çox qiyam kimi təqdim edən Ə.Kəsrəvi bu hərəkatın demokratik-milli mahiyyətinə əsla dəyər vermədən, onu sanki M.Xiyabaninin şəxsi xudbin, subyektiv istəklərindən doğan bir hadisə kimi təsvir edir. M.Xiyabani hərəkatına belə qərəzli yanaşan Ə.Kəsrəvi bu səbəbdən də, Milli Hökumətin 1920-ci il aprel-sentyabr ayları arasında həyata keçirdiyi islahatları qətiyyən dəyərləndirmir. Halbuki az sonra 1926-cı ildə Hüseyn Kazımzadənin Berlində nəşr edilən “İranşəhr” jurnalında M.Xiyabaninin məsləkdaşları olan, Ə.Kəsrəvinin də yaxından tanıdığı Hacı Məhəmmədəli Badamçının, Rzazadə Şəfəqin məqalələrində, H.K.İranşəhrin həmin məqalələrdən ibarət olan xüsusi nəşrə yazdığı ön sözdə M.Xiyabaninin qısa müddət ərzində həyata keçirdiyi maarifçi-islahatçı fəaliyyətlərdən geniş söz açılır, onun və demokratların Azərbaycanda başlatdıqları və bütün İran üçün örnək olan ictimai-siyasi fəaliyyətlərdən hüsn-rəğbətlə bəhs edilir.
M.Xiyabaninin şəxsiyyətinə və siyasi mübarizəsinə rəğbət bəsləmədiyini gizlətməyən, vaxilə onun tələbəsi və mübarizə yoldaşı olmuş, hərəkatın gedişində isə siyasi görüşlərini dəyişərək M.Xiyabaninin əleyhdarlarının düşərgəsində yer almış Ə.Kəsrəvi yazır ki, bu kimi tədbirləri həyata keçirməkdə demokratların məqsədi qəhrəmanlıq və qaçaqçılığın dərin kök saldığı bir bölgədə Xiyabanini yeni əsrin və müasir dövrün Robin Qudu kimi təqdim etməkdən ibarət idi. Bu kimi tədbirlərlə demokratlar artıq Təbrizin və Azərbaycanın bir sıra digər mühüm şəhərlərinin idarəsini öz əllərinə keçirməyə nail ola bilmişdilər.
Qeyd edilməlidir ki, əksər tarixçilər üsyanın başlanmasına qığılcım kimi demokratların bir neçəsinin həbsini göstərirlər və bu hadisənin aprelin 6-da baş verdiyini qeyd edirlər. Ə.Kəsrəvi üsyanın başlanması məsələsini təsadüfi amillərlə bağlayaraq qeyd edir ki, rəcəbin 16-da, M.Xiyabani yoldaşları ilə silaha əl ataraq “Təcəddod” qəzetinin binasından Noubər məhəlləsində yerləşən polis idarəsinə hücum edərək orada həbsdə saxlanılan Mirzə Bağırı azad etməyi tələb etmişdi. Ə.Kəsrəvi bu hadisəni M.Xiyabaninin “qiyam bayrağını yüksəltmək üçün bəhanə axtarması” kimi qiymətləndirir və qeyd edirdi ki, M.Xiyabani aylarla əmək haqqı almayan əskər və jandarmlara müraciət edərək dedi ki, Azərbaycan azadlıq yolunda savaşlar etmiş, öz qanını tökmüşdür, indi İran üçün onun götürdüyü azadlıq hər tərəfdən qorxu və təlaşdadır, buna görə biz sakit oturmamalıyıq, məcburuq “qiyam” qaldıraq. Bununla yanaşı, Ə.Kəsrəvi M.Xiyabaninin sadə xalq arasında olan nüfuzunu etiraf edir və bir neçə təbrizlinin sözlərini iqtibas gətirir: “Biz bu gün gərək fəxr edək ki, ağa Şeyx kimi böyük şəxsimiz vardır”, “Əgər Amerika xalqı fəxr edir ki, onların Vilsonu var, biz azərbaycanlıların da Şeyx ağamız vardır”.
Ə.Kəsrəvi qeyd edir ki, M.Xiyabani və yoldaşları bu dəfə xalqa nəsə təklif etməyə qadir deyildilər və öz adamlarını digər bir cəmiyyətə sürükləyirdilər, “müsyö Leninin ayinləri ilə bolşevik bayrağını qal-dırmağa səsləyirdilər”. M.Xiyabaninin bolşeviklərə rəğbət bəslədiyinə eyham vuran Ə.Kəsrəvi göstərirdi ki, o zaman bolşevik ideyası və sistemi hər yerdə adamların beynini doldurur, onları hərəkətə sövq edirdi. Rusiya bolşevikləri Azərbaycanın sərhədinə çatmışdılar, M.Xiyabani onların tərəfinə döndüyündən onlardan da kömək və həmkarlıq görürdü. Lakin M.Xiyabani bunu yaxşı bilirdi ki, o, bolşeviklərin qırmızı bayrağını qaldırsa, ingilis qoşunları bolşeviklərin gəlişinin qarşısını almaq üçün hər zaman Zəncan və Qəzvindən Qaplankuhu (dağ) keçərək Azərbaycana töküləcəklər və həmin günlər mayor Edmundun (ingilislərin Qəzvindəki ordusunun siyasi idarə rəisi – E.M.) Təbrizə gəlməsi M.Xiyabaninin gözünü və ürəyini bolşeviklərdən bu dəfə döndərdi. Bəzən də cümhuriyyətçilik tələbini bəhanə edirdilər, məsələn, M.Xiyabani tərəfdarlarından Seyfül-üləma adlı birisi bir dəstə ilə qırmızı bayraq qaldırıb küçədə “Yaşasın cümhuriyyət” deyə qışqırırdılar. Amma o vaxt İran xalqının başında cümhuriyyətçilik havası yox idi və heç kəs bu sədalara öz səsini qatmırdı. Digər bir vaxt belə fikirlər irəli sürürdülər ki, bizim əsas qanunumuz naqisdir və dəyişdirilməsi zəruridir. M.Xiyabani nitqlərində deyirdi ki, hələ o zaman yetişməmişdir ki, biz öz məramımızı bəyan edək və ürəyimizdə olanı dilə gətirək.
Ə.Kəsrəvi yazır ki, bundan sonra M.Xiyabaninin bolşeviklərə arxalanan həmkarlarına qarşı rəftarı dəyişildi və onun təyin etdiyi müfəttişlər bolşeviklərin Təbrizdə qurduqları partiyanın işlərini yoxladılar, bəzilərini həbs edib şəhərdən çıxartdılar. Get-gedə əlbirliyi və yoldaşlıq ziddiyyətlərə və düşmənçiliyə çevrilməyə başladı. Ə.Kəsrəvi yazır ki, alman konsulu ingilislərin təzyiqinə baxmayaraq, bolşevikləri dəstəkləyən dəstələri himayə edirdi. M.Xiyabani Təbriz bolşevikləri ilə düşməncəsinə rəftar etməyə başlayandan sonra həmin dəstələrin başçılarından bir neçəsi Alman konsulxanasına sığındılar, tədricən digərləri də onlara qoşuldular və beləliklə, onların sayı xeyli çoxaldı. Planları bu idi ki, burada kifayət qədər qüvvə toplaşandan sonra bir gün savaşa qalxsınlar və qiyama yol açsınlar. M.Xiyabani bundan xəbər tutan kimi konsulxananın ətrafını mühasirəyə alıb kimsəni ora buraxmamağı əmr etmişdi. Ə.Kəsrəvi konsulxananın xidmətçisinə istinadən yazır ki, həmin vaxt konsulun yanında bir alman həkim, dörd nəfər avstriyalı, 17 nəfər hindli və səkkiz nəfər İranlı fərraş, 40-50 nəfər isə Təbriz bolşevikləri var imiş. Onların cəbbəxanasında 12 metralyoz (pulemyot), 4 dağ topu, 2700 tüfəng və bir qədər bomba var imiş. O deyirdi ki, Ramazanın 13-də döyüş başladı və konsul qabaqda gedirdi, həmin gün, ya da səhərisi konsul ağzından güllə yarası alaraq həlak oldu və bununla da işlər tamamlandı. M.Xiyabani bu qalibiyyətlə həm bir tərəfdən öz müxaliflərini diz çökdürdü, çoxlu silah və sursat ələ keçirdi, digər tərəfdən də camaatı Alman konsulunun onlarda yaratdığı təlaş və qorxudan xilas etdi.
Eynulla Mədətli
MEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir