GADTB: Bu gün 29 oktyabr dünya türklərinin ümid yeri – Türkiyənin Cümhuriyyət bayramıdır. Bu il Atatürkün elan etdiyi Cümhuriyyətin elanından 98 il ötür. Dünyanın böyük dövlətlərinin Osmanlı dövlətinə hər tərəfdən hücuma keçməsi I Dünya müharibəsində böyük türk dövlətinin böyük hissəsinin işğalı ilə nəticələnmişdi. Lakin Mustafa Kamal Atatürkün öndərliyində 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşı başlandı. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyədə türk millətinin milli mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Cümhuriyyəti elan olundu. Milyonlarla türkün qanı bahası ilə yaranan Cümhuriyyət Bayramı tarixin ən ağır sınaqlarından keçmiş bir milli zəfərdir. Bütün dünyanın düşmən çabalarına qarşı yeni Türkiyənin yaranması türk insanının iradəsini ortaya qoymuş oldu. Böyük Atatürkün öndərliyində cümhuriyyıtin elan olunması böyük dayanışmanın, gərgin dirənişin ən gözəl nümunəsidir.
Türk Dünyasının böyük dövləti və türklərin ümid yeri- Türkiyənin Cümhuriyyət bayramı təkcə Türkiyənin deyil, bütün dünya türklərinin bayramıdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu bayram münasibətilə Türkiyə dövlətini, türk millətini və ümumiyyətlə Türk Dünyasını təbrik edib və Türkiyənin daha da güclənməsini arzu edir. Cümhiriyyət günün mübarək Türkiyə!
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı