Şənbə , İyun 22 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 28 May Azərbaycanın müstəqillik günü ilə bağlı bildirişi

GADTB: 28 may Azərbaycanın Respublika olaraq müstəqilliyini əldə etdiyi günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Türk Milləti qədim dövlətçilik ənənələrinin müasir dövrdə davamı olaraq Azərbaycan Xalq Cümhuriyyətini (AXC) qurmuşdur. Hazırkı müstəqil Azərbaycan Respublikası isə Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Lakin Azərbaycanın dövlətçilik tarixi min illərlə ölçülür. Azərbaycan Türk Milləti tarix boyu onlarla böyük imperatorluqlar və çoxsaylı dövlətlər qurmaqla zəngin dövlətçilik mədəniyyəti və tarixinə malik olmuşdur.

Azərbaycanın zəngin dövlətçilik ənənəsinə baxmayaraq son yüzilliklərdə ruslarla Qacar dövlətinin müharibəsi nəticəsində ikiyə parçalanmışdır. Azərbaycanın yalnız Quzey hissəsində müstəqil Azərbaycan Cümhuriyyəti qurulsa da, Azərbaycanın Güney hissəsi başda olmaqla böyük hissələri əsarət altına salınmışdır. 1918-ci il may ayının 28-də Türk Dünyası və Şərq aləmində ilk demokratik, plüralist və dünyəvi Azərbaycan dövlətinin yaranması parçalanmış Azərbaycanın bütün hissələrinin dövlətidir və əslində Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Türk Millətinin çoxəsrlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında çağdaş  dövrdə davamıdır. Təsadüfi deyildir ki, Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti həm də Güney Azərbaycanın müstəqilliyini bərpa edib Azərbaycan türk cümhuriyyəti qurmasına ən ideal model kimi gündəmdədir.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyytlərini birləşdirən yeni bir dövlət və cəmiyyət nümunəsi meydana gətirmişdir. Rusların işğalçılıq siyasəti və Azərbaycana hücumu nəticəsində işğala məruz qalan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində tarixə düşən böyük işlər görmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə döyüş qabiliyyətinə malik Azərbaycan ordusunu təşkil etmiş, dövlət quruculuğunun bütün sahələrində səmərəli iş aparılmış, parlament yaradılmış və yeni, milli tələblərə, demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurulmuşdu. Azərbaycanın tarixində ilk universitet – Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində Azərbaycan türk millətinin sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra önəmli işlər görülmüşdür.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın çağdaş dövr dövlətçiliyinə əsas və bünövrə olmaqla yanaşı, sivil dünyaya da mütərəqqi dəyərlər töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətində insanlara çox böyük hüquq və azadlıqlar verilmişdir. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi.

Müstəqil Azərbaycan Cümhuriyyəti O taylı bu taylı Azərbaycanın görkəmli simalarından Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoylunun qurduğu Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycan Cümhuriyyətinin varisi kimi təkcə Quzey Azərbaycanda yaşayan Azərbaycan türkünün deyil, bütün dünya azərbaycanlılarının dövlətidir. Bu dövlət həm də Güney Azərbaycanda dövlətin və Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi və ideya qaynağıdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Xalq Cümhuriyyətinin davamı olan müstəqil Azərbaycan Cümhuriyyətini dünya azərbaycanlılarının müstəqil dövləti hesab edir və Cümhuriyyətin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilliyi və Bütöv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir. Azərbaycan türkləri Güney Azərbaycanın milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda gördükləri üçün Azərbaycan Xalq Cümhuriyətini özlərinə nümunə  görürlər.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …