GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı İran adlanan yerdə baş verən hadisələrlə bağlı etirazlara çağırış ediblər.
Onlar mayın 22-də etirazların başlanmasına qərar verib və etirazları dəstəklədiklərini bəyanatla bildiriblər. Fəalların bəyanatında deyilir: “Qəhrəman Azərbaycan milləti bildiyiniz kimi İranın hazırkı rejimi heç nədən çəkinmədən ölkəni uçuruma və məhvə doğru aparır.
İndiki rejimin bütün rəhbərliyi yüksək səviyyəli rəsmilərə qədər hamısı bütün çıxışlarında hakimiyyətlərinin get-gedə zəiflədiyini etiraf edirlər. Eyni zamanda onların iqtisadi sahədə yarıtmaz idarəçilik sistemi böhranın daha da dərinləşməsinə gətirib çıxarıb.
Bütün dünya ölkələrində bahalığa qarşı etirazların adi qəbul olunmasına baxmayaraq, İran rejimi etiraz aksiyalarını qeyri-qanuni göstərməklə xalqı daha çox bəlalara düçar etmək niyyətində olduğunu göstərir. Hökumət ətraf mühitin məhv edilməsi, iqtisadi durumun ağırlaşması və başqa bu kimi məsələlərə qarşı xalqın səssiz qalmasını, etiraz etməməsini istəyir.
Biz Milli Hərəkatın bir qrup fəalı bu dəfə şərəfli Azərbaycan millətinin itirilmiş hüquqlarının əldə edilməsi üçün bütün sahələrdə zülm altında olan başqa xalqlarla həmrəy olacağımızı, Azərbaycanın dirəniş günü kimi tanınan 22 mayda geniş etiraz aksiyalarına başlayacağımızı bildiririk.
Möhtəşəm və kütləvi aksiyalarla haqlı istəklərimizə nail olacağımıza inanırıq. Gələcək bizimdir!
Azadlıq, Ədalət, Milli hökumət!”