Güney Azərbaycanın mərkəzi Təbrizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycaın güney Azərbaycanın mərkəzi Təbriz şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Quzey Azərbaycanın baş konsulu Əliyənnağı Hüseynov Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərinin ən dəhşətlisi olan Xocalı soyqırımı barədə mərasim iştirakçılarına geniş məlumat verdi.

Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini yerlə-yeksan edib və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və tanınmaz hala salınanlar olub. Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Bununla yanaşı, 230 ailə öz başçısını itirib, 487 nəfər şikəst olub, 1275 insan əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək heç bir xəbər yoxdur.

Baş konsul bildirdi ki, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı ələ keçirmək üçün hər cür cinayət və vəhşiliyə əl atırdı. Xocalı soyqırımını törətməklə öz havadarlarının himayəsi ilə hərbi təcavüzün miqyasını daha da genişləndirdi. Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etdi. İşğal zamanı 20 min soydaşımız həlak oldu, torpaqlarımızın 20 faizi zəbt olundu, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.

Xocalı faciəsi əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra aldı. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edildi. Bu gün Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olması üçün böyük səylər göstərir .

Baş konsul tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası haqqında da ətraflı məlumat verdi.

Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirildi. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış foto-stendə baxdılar, işğalçı Ermənistanın Azərbaycana qarşı terror və təcavüz aktlarını özündə əks etdirən kitablar, jurnallar, DVD filmlər və broşürlərlə tanış oldular.

Sonda ehsan süfrəsi açıldı.

Mərasimdə İranın Şərqi Azərbaycan Valiliyinin ictimai və mədəniyyət məsələləri üzrə Baş İdarəsinin müdiri Əli Bədr Şokuhi, Mədəniyyət və İslami İrşad Baş İdarəsi müdirinin birinci müavini Əli Piruzməneş, Təbriz şəhər İcra Hakimiyyəti başçısının siyasi və ictimai məsələlər üzrə müavini Səid Bərzigər, Xarici İşlər Nazirliyinin şimal-qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngör, həmçinin mətbuat nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak edirdilər.

Qeyd edək ki, bu mərasim yalnız Azərbaycan Respublikasının konsulluğunda keçirilib və işğalçı fars rejim Güney Azərbaycanda azərbaycanlılara Xocalı soyqırımı ilə bağlı heç bir tədbir keçirməyə icazə vermir və keçirilən tədbirlərə divan tutur. Halbuki, erməniləri dəstəkləyərək saxta soyqırım iddialarını səsləndirmələri üçün onlara Tehranda Türkiyə və Azərbaycan əleyhinə mitinq təşkil edir.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın