Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 28 May- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü ilə bağlı bildirişi

GADTB: 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulmuşdur. Beləliklə, 28 May Azərbaycanın müasir dövlətçilik tarixində Azərbaycan türk millətinin şanlı tarixinə qızıl bir səhifə kimi düşmüşdür. Azərbaycan türk milləti tarix boyu böyük imperatorluqlar qursa da, müasir dövrdə sırf Məhəmməd Əmin Rəsulzadənin səyi ilə modern və demokratik Azərbaycan Cümhuriyyətini qurmuşdur. Bu gün həmin şanlı tarixdən 103 il keçir.

Əlbəttə Azərbaycan Türk Milləti tarix boyu onlarla böyük imperatorluqlar və çoxsaylı dövlətlər qurmaqla zəngin dövlətçilik mədəniyyəti və tarixinə malik olmuşdur. Lakin son yüzilliklərdə ruslarla Qacar dövlətinin müharibəsi nəticəsində parçalanmış Azərbaycanın yalnız Quzey hissəsində müstəqil Azərbaycan Cümhuriyyəti qurulsa da Azərbaycanın Güney hissəsi başda olmaqla böyük hissələri əsarət altına salınmışdır. 1918-ci il may ayının 28-də Türk Dünyası və Şərq aləmində ilk demokratik, plüralist və dünyəvi Azərbaycan dövlətinin yaranması parçalanmış Azərbaycanın bütün hissələrinin dövlətidir və əslində Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan türk millətinin çoxəsrlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında çağdaş  dövrdə davamıdır. Təsadüfi deyildir ki, Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti həm də Güney Azərbaycanın müstəqilliyini bərpa edib Azərbaycan türk cümhuriyyəti qurmasına ən ideal model kimi gündəmdədir.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyytlərini birləşdirən yeni bir dövlət və cəmiyyət nümunəsi medana gətirmişdir. Rusların işğalçılıq siyasəti və Azərbaycana hücumu nəticəsində işğala məruz qalan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində tarixə düşən böyük işlər görmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə döyüş qabilliyətinə malik Azərbaycan ordusunu təşkil etmiş, dövlət quruculuğunun bütün sahələrində səmərəli iş aparılmış, parlament yaradılmış və yeni, milli tələblərə, demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurulmuşdu. Azərbaycanın tarixində ilk universitet – Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində Azərbaycan türk millətinin sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra önəmli işlər görülmüşdür.

Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoylunun və başqa Azərbaycan oğullarının qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın çağdaş dövr dövlətçiliyinə əsas və bünövrə olmaqla yanaşı, sivil dünyaya da mütərəqqi dəyərlər töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətində insanlara çox böyük hüquq və azadlıqlar verilmişdir. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqil Azərbaycan Cümhuriyyəti təkcə Quzey Azərbaycanda yaşayan Azərbaycan türkünün deyil, bütün dünya azərbaycanlılarının dövlətidir. Bu dövlət Güney Azərbaycanda dövlətin və Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi və ideya qaynağıdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Xalq Cümhuriyyətinin davamı olan müstəqil Azərbaycan Cümhuriyyətini dünya azərbaycanlılarının müstəqil dövləti hesab edir və Cümhuriyyətin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilliyi və Bütöv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir. Azərbaycan türkləri Güney Azərbaycanın milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda gördükləri üçün Azərbaycan Xalq Cümhuriyətini özlərinə nümunə  görürlər.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …