Güney Azərbaycanın müxtəlif şəhərlərində tibb işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın müxtəlif şəhərlərində tibb bacıları və tibb işçiləri etiraz aksiyası keçiriblər.

Təbriz, Qəzvin, Ərdəbil, Həmədan, Culfa və s. Şəhərlərdə narazı tibb işçiləri əmək haqlarının az olmasına etiraz ediblər.

Bundan başqa narazılar işlə bağlı təzminatlarının olmadığını və qanunla nəzərdə tutulan ödənişlərin verilmədiyini bildiriblər.

Onlar bununla yanaşı pandemiya dövründə iş saatından artıq işlədiklərinə baxmayaraq heç bir ödəniş almadıqlarını, dövlətin biganə münasibəti ilə qarşılaşdıqlarını bildiriblər.

Qeyd edək ki, İranda az əmək haqqı aldıqlarına və dövlət tərəfindən yetərli qayğı görmədiklərinə görə, son illər həkim, tibb işçisi və tibb bacılarının xaricə axını çoxalıb.

Bir müddət əvvəl İran Tibb İşçiləri Təşkilatının sədr müavini Məhəmmədtağı Cahanpur İran Səhiyyə Nazirliyinin idarəçilik sistemini tənqid edib və tibb bacılarının mühacirətinin artdığını deyib.

O, nazirliyin tibb bacılarına qarşı mövsümi işçi kimi davrandığını, barələrində haqsızlıq edildiyini və bu səbəbdən hər ay 100-150 tibb bacısınn ölkəni tərk etdiyini deyib.

Hal-hazırda İranda 100 min tibb bacısının çatışmadığını deyən Cahanpur Səhiyyə Nazirliyinin yalanlarının bu problemin daha da dərinləşməsinə səbəb olduğunu, tibb bacılarının başqa ölkələrdə iş axtarmaları ilə nəticələndiyini vurğulayıb.

Bundan öncə İran parlamentinin Səhiyyə Komissiyasının başçısı Hüseynəli Şəhriyari son iki ildə minlərlə həkim və tibb bacısının ölkəni tərk etdiyini deyib.

Bununla yanaşı İranın “Cavan” saytı İranda həkimlərin dolanışıq problemləri və əmək haqlarının aşağı olduğuna görə Türkiyə və Omana mühacirət etdiklərini yazıb.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …