
GADTB: İranda etirazların zorakılıqla yatırılması zamanı hökumət qüvvələrinin etirazçılara birbaşa atəş açması nəticəsində ölənlərin sayının əvvəlki qiymətləndirmələrdən xeyli çox ola biləcəyi bildirilir. Ölkədə çalışan tibb işçiləri misli görünməmiş zorakılıq səhnələri ilə üzləşdiklərini deyirlər.
Britaniyanın Sunday Times qəzetinin yaydığı məlumata görə, iranlı həkimlər son etirazların yatırılması zamanı azı 16 min 500 – 18 min nəfərin həyatını itirdiyini təxmin edirlər.
Bundan əlavə, yaralıların sayının 330 min – 360 min arasında olduğu bildirilir. Bu rəqəmlər ölkənin müxtəlif bölgələrində yerləşən 16 təcili tibbi yardım şöbəsi və 8 böyük ixtisaslaşmış oftalmologiya mərkəzindən toplanmış məlumatlara əsaslanır. Hesabata görə, qurbanların böyük əksəriyyəti 30 yaşdan aşağı şəxslərdir.
Sunday Times yazır ki, bu məlumatlar həkimlər tərəfindən İlon Maska məxsus Starlink peyk interneti vasitəsilə ötürülüb. Statistik məlumatları qəzetə iranlı-alman oftalmoloq doktor Amir Pərəsta təqdim edib.
Eyni zamanda, İranın ali rəhbəri Əli Xamenei son etirazlarda “bir neçə min nəfərin” həlak olduğunu etiraf edib.
Bundan başqa, anonim qalmaq istəyən bir iranlı rəsmi şəxs Reuters agentliyinə bildirib ki, etirazlar zamanı ən azı 5 min nəfərin öldüyü hökumət tərəfindən “təsdiqlənib”. Həmin rəsminin sözlərinə görə, ölənlər arasında təxminən 500 təhlükəsizlik qüvvəsi əməkdaşı da var. Rəsmi dairələr etirazçıları isə “terrorçular və silahlı üsyançılar” kimi təqdim ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi