
GADTB: Həmədanda tələbələrin etiraz aksiyası zamanı həbs olunan altı nəfər — Mehrdad Seyfi, Ümid Kərimi, Mehrdad Təhmasibi, Seyid Abbas Hüseyni, Məhəmməd Rəsul Heydəri və Mürtəza Baserebin girov qarşılığında Əlvənd həbsxanasından azadlığa buraxılıblar.
Məlumata görə, bu şəxslər əvvəlcə polis idarəsinin müvəqqəti saxlanma məntəqəsinə, oradan isə Həmədandakı Əlvənd həbsxanasına köçürülüblər. Onlar 1 milyard tümən girov qarşılığında azad ediliblər. Məsələ ilə bağlı məlumatlı bir mənbə bildirib: “Əvvəlcə ailələrin təqdim etdiyi girov sənədləri qəbul edilmədi və bəzi saxlanılanların azadlığa çıxması yalnız əməkhaqqı sənədi təqdim etməklə mümkün oldu.”
Saxlanılanların işinə hazırda Həmədan Ümumi və İnqilab Prokurorluğunun 5-ci şöbəsində baxılır.
Eyni etiraz aksiyası zamanı daha bir neçə tələbə — Tina Dərvişi, Pəgah Papi, Əlirza Qəribi, Mehrdad Seyfi və soyadı məlum olmayan Daniyal da müvəqqəti olaraq saxlanılmış, sonradan girovla azadlığa buraxılmışlar.
Xatırladaq ki, keçən ay keçirilən tələbə etirazları, universitet rəhbərliyinin İraq vətəndaşlığı olan tələbələrin qeydiyyatı ilə bağlı qərarlarına etiraz olaraq baş tutmuşdu. Etirazçılar bəzi xarici hərbi qruplarla əlaqəli tələbələrin iştirakının təhlükəsizlik riski yarada biləcəyi barədə xəbərdarlıq etmiş və universitet rəhbərliyindən məsələ ilə bağlı şəffaflıq tələb etmişdilər. Bəzi məlumatlara əsasən, narahatlıq, İraqın “Həşd Şəbi” qüvvələrinin üzvlüyü ilə əlaqəsi ola biləcək şəxslərin qeydiyyata alınması ilə bağlı idi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi