Bazar , Sentyabr 19 2021
azfa

Hüsen Seyidçiraği: Urmu gölü ilə bağlı gərçəklər

GADTB: Bir çox  illərdir ki, Azərbaycanın Urmu gölü qurumaqda v’ qurudulmaqdadır. Artıq göl suyunun 60% qurumuşdur, ancaq İran İslam rejimi hələ də buna önəm vermir. Nə qədər etirazlar olunsa və konkret əməli addımlar atılması tələb edilsə də, İslam rejimi bu fəlakətli sorunu çözməyə çiddi yanaşmaq istəmir. Çünki gölə tökülən yaxlaşıq 30-dək çayın qabağının bəndlə kəsilməsi ortaya qoyur ki, burada yalnız təbiət hadisəsi yox, Fars şovinizminin Azərbaycana qarşı öncədən düşünülmüş strateji planı da rol oynamaqdadır. Urmu gölü sorunu təkcə Azərbaycan Türklərinə yönəlik bir təhdid yox, həm də öz acı sonluğuna görə dünyanın bir çox ölkələri üçün təhlükə qaynağı olan ciddi bir sorundur. Bu acı sonluq gerçəkləşərsə, onun zərbəsi Azərbaycanla yanaşı, qonşu Orta Doğu ölkələrinə, Avropaya və bütövlükdə, dünyaya dəyəcəkdir. Unudulmasın ki, URMU GÖLÜNÜN QURUMASI/ QURUDULMASI ÇOX FƏLAKƏTLİ BİR:

ÇEVRƏ SORUNUDUR. Azərbaycan Türk gəncliyinin başlatdığı “MƏN URMU GÖLÜYƏM!” internet kampaniyasına qısa sürədə 1 milyon 700 min insanın qoşulması göstərdi ki, Urmu gölü tək Azərbaycanın yox, bütün dünyanın önəmli bir çevrə sorunudur. 55 km eni, 140 km uzunu, yaxlaşıq 5 700 km2 sahəsi olan və dünyanın ikinci ən böyük duz gölü sayılan Urmu gölü yox olarsa, yerində bir neçə milyard ton duz qalar, külək də milyonlarla ton duz tozunu ətrafa yayıb çevrəni şoranlığa çevirər. Ona görə də, 2016-cı ildə BMT, AB və bir sıra böyük dövlətlərin ekosistem uzmanları bu faciəni dəfələrlə dilə gətirmiş, onun doğuracağı ağır sonucları gözə alan bəzi dövlətlər də İrana maliyyə və texniki yardım göstərmişdir. Ancaq edilən yardımları Tehran irticası mənimsədiyi üçün onun Urmu gölünə faydası toxunmamış və bu da BMT-nin, AB-nin haqlı etirazlarına nədən olmuşdur;

KÖÇMƏN SORUNUDUR. Urmu gölü çevrəsində 15 milyonadək Azərbaycan Türkü yaşayır və ərazinin şoranlığa çevrilməsi ekoloji tarazlığı pozacaq, bu çevrədə yaşayan canlılar, özəlliklə də insanar öz torpaqlarını tərk etməli olacaqlar. Təbii ki, neçə min illik öz dədə-baba yurdlarını tərk edən on beş milyonadək Azərbaycan insanı İranla yanaşı, bir sıra qonşu ərazilərə və Batı ölkələrinə də köçmən kimi yerləşəcəkdir. Bu isə çağdaş dünyanın onsuz da getdikcə gərginləşən köçmən sorununu daha da ağırlaşdıracaqdır;

SAĞLAMLIQ SORUNUDUR. Urmu gölü duzla yanaşı, bir sıra ayrı-ayrı kimyəvi maddələrlə zəngindir və hətta bir fikrə görə, burada uranium da var. Bu maddələrin yayılması isə əhalinin sağlamlığına ciddi zərbə vuracaq, vaxtsız ölümlər, şikəstlik və xəstəliklər çoxalalıb bəlaya çevriləcəkdir;

İQTİSADİ SORUNDUR. Urmu gölü çevrəsində əkinçilik, meyvəçilik, bağçılıq, heyvandarlıq, onlara bağlı yüngül sənaye vb. gələnəksəl iqtisadi sahələr az deyil. 102 adası olan Urmiya gölünü görmək üçün ölkə içindən və dışarıdan gələn turistlər burada nəqliyyat və xidmət sahəsinin gəlişməsində az rol oynamır. Göl yox olduqdan sonra bütün bunlar da çox ciddi zərbə alıb sıradan çıxacaq, bölgə ağır iqtisadi sorunlarla üz-üzə qalacaqdır;

SİYASİ SORUNDUR. Orta yüzilliklərdən qalmış İslam rejiminə qarşı alternativlər içərisində nə solçular, nə şahçılar, nə demokrat yaşmaqlı panirançılar və nə də başqa bir qüvvə yox, məhz Azərbaycan Milli Hərəkatı həlledici güc mərkəzidir. Kim bilməsə də, Fars şovinizmi bunu çox yaxşı bilir və ona görə də, başqalarından yox, məhz Azərbaycan Milli Hərəkatından daha çox qorxur. Fars şovinizminin Urmu gölü ilə bağlı strateji planı da əslində Azərbaycanı, özəlliklə də Azərbaycan Milli Hərəkatını susdurmağa, onu güc mərkəzi olmaqdan uzaqlaşdırmağa, diqqəti milli mübarizədən yayındırıb günlük yaşamla uğraşmağı önə çəkməyə, ən başlıcası isə, Azərbaycan Türklərini Farslar yaşayan bölgələrə köçməyə məcbur etməklə əritmə siyasətini gerçəkləşdirməyə yönəlik bir siyasi oyundur.

ETNO-MİLLİ SORUNDUR. Azərbaycan Türklərinin köçə məcbur edilməsi siyasi sorun olmaqla yanaşı, həm də Fars şovinizminin öz ağalığını qorumaq üçün Türkləri Kürd, Lor, Ərəb vb. xalqlarla ədavətə sürükləməyə, onlar arasında qanlı toqquşmalar yaratmağa yönəlik çox ağır bir etno-milli sorundur. Bu qanlı sorun Fars şovinizminə uduş qazandıracaq, toqquşası tərəflərə isə yalnız ölüm-itim, göz yaşı gətirəcəkdir.

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …

Bir cavab yazın