Çərşənbə , Noyabr 30 2022
azfa

İkinci Qarabağ müharibəsində şöhrət qazanan “Bayraktar”a dünyada maraq getdikcə artır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ikinci Qarabağ müharibəsində böyük şöhrət qazanan “Bayraktar TB2” PUA-larına dünyada maraq getdikcə artır.

AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri Sabir Şahtaxtı bununla bağlı agentliyin saytında yazıb: Türkiyənin ənənəvi texnologiya festivalında (TEKNOFEST) “Bayraktar TB2” pilotsuz uçuş aparatları sözün əsl mənasında bayraqdar tituluna yiyələnib. Türkiyənin ilk milli PUA-sının yaradıcısı Səlçuk Bayraktar sosial şəbəkədəki paylaşımlarından birində gələcək planlarını belə xarakterizə edib: “Gələcəyin savaşan şahinləri, ağıllı pilotsuz döyüş aparatları! Ölkəmiz bu sahədə də lider olsun deyirsinizsə, savaşan aparatların boğaz səmasındakı mübarizəsinə sən də qatıl!”.

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının, o cümlədən pilotsuz silahlı uçuş aparatlarının (SİHA) nüfuzunu bütün dünyada zirvələrə yüksəldib. Hərbi ekspertlərin fikrincə, Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı Qələbə dünyada müdafiə sənayesi bazarında hərbi məhsullara münasibəti kökündən dəyişib.

Bununla bağlı bəzi məqamlar:

– Ötən il Pekində ali məktəblərin tələbələri arasında kompüter vasitəsilə keçirilmiş 7-ci müharibə oyunlarının builki mövzusu Azərbaycanın “Dəmir yumruq” əməliyyatı – Vətən müharibəsi olub. Çinin Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yayılan məlumata görə, altı gün davam etmiş müsabiqədə 30 ali təhsil ocağından 103 komanda yarışıb. Qarabağ müharibəsindəki döyüş əməliyyatlarında yeni texnologiyalara əsaslanan hərbi texnikanın, xüsusən də PUA-ların uğurlu tətbiqi 7-ci Pekin müharibə oyunlarının ssenarisini təşkil edib;

– Rusiya Federasiyası Baş nazirinin müdafiə sənayesi kompleksi məsələləri üzrə müavini Yuri Borisov deyib ki, Rusiya hökuməti yeni silahların inkişafı proqramını planlaşdırarkən Azərbaycanın Qarabağdakı döyüş əməliyyatları təcrübəsini nəzərə alacaq. O, “RBK” telekanalına müsahibəsində qeyd edib ki, 2033-cü ilədək olan müddət üçün hazırlanacaq proqramda pilotsuz vasitələrin istifadə təcrübəsi nəzərə alınacaq;

– Türkiyə mediasının məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin bir generalı bildirib ki, Azərbaycan Ordusunun apardığı müharibə gələcəkdə hərbi əməliyyatlar taktikasında dəyişiklik olunmasını zəruri edib.

Hazırda dünya müdafiə sənayesi bazarında Türkiyənin SİHA-larına (Silahlı pilotsuz uçuş aparatı-SPUA) böyük maraq var. Bunun əsas səbəblərindən biri yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın böyük rəşadətlə apardığı 44 günlük Vətən müharibəsində “Bayraktar TB2” PUA-larının döyüş meydanında sınaqdan uğurla çıxması, digəri isə Türkiyə SİHA-larının davamlı olaraq texnoloji yeniliklər əsasında təkmilləşdirilməsidir.

Xarici ölkələrin, hətta Türkiyə ilə münasibətləri o qədər də yaxşı olmayan ölkələr belə “Bayraktar TB2”yə maraqlarını gizlətmirlər. Türkiyə isə bu sahədə dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir.

Qeyd edək ki, hazırda Türkiyə ilə Ukrayna arasında da müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlıq davam edir. Türkiyə Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Dəmirin Kiyevə səfəri çərçivəsində imzalanan memorandumda Ukrayna dəniz donanması üçün ADA sinfinə daxil olan orta həcmli döyüş gəmiləri – korvet və PUA-ların alınması nəzərdə tutulub. Ukraynanın müdafiə naziri Andrey Taran Türkiyə SİHA-larının ən müasir silahlar olduğunu bildirib.

Azərbaycanın Vətən müharibəsində “Bayraktar”ın qazandığı tarixi uğur əsrimizin səma fatehini beynəlxalq mediada da populyarlaşdırıb. ABŞ-ın “Foreign Affairs” nəşrində, Almaniyanın “Der Spiegel” jurnalında, “Die Welt” qəzetində və digər nüfuzlu KİV-lərdə “Bayraktar TB2” SİHA-larının qazandığı uğurlardan bəhs olunub. Bu pilotsuz uçuş aparatlarını ABŞ-ın “MQ-9” radar funksiyalı SİHA-sı ilə müqayisə edən “Die Welt” qəzeti yazır ki, döyüş meydanında mühüm uğurlar qazanan “Bayraktar” daha böyük perspektivlərə malikdir.

Həmçinin yoxlayın

Molla rejimi etirazlarda yolu bağlamaq istəyən azərbaycanlı fəalı edama məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi etirazlarda yolu bağlamaq istəyən azərbaycanlı …

GADTB-nin iştirakı ilə “Urmiya gölünün qurudulması”na dair ictimai müzakirə keçirilib

GADTB: 30 noyabr tarixində “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib. Keçirilən müzakirədə “Güney …