GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakı-Tehran xəttində münasibətlərin zahiri istiliyinə rəğmən İran adlanan ölkədən yenə Azərbaycana doğru “soyuq küləklər” əsir. Xüsusilə İranın dini dairələrinin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri və son günlər hücum cəbhəsini bir qədər də genişləndirməsi müşahidə olunur. İraq alimlər şurasının baş katibi Şeyx Yusif Nasirinin Azərbaycana qarşı təhdid bəyanatı da “genişləndirilmiş cəbhə”nin bir hissəsidir.
Özünü “Şeyx Nəsrullah” kimi aparan Yusif Nasiri Azərbaycan dövlətinə ağıl öyrətməyə çalışır və konstitusion quruluşu devirərək, “şəriət rejimi” yaratmaq cəhdinə görə həbs edilən “Müsəlman birliyi hərəkatı”nın rəhbəri Tale Bağırzadənin azad edilməsini tələb edir. Hətta o, bir qədər də irəli gedərək, “İki dövlət, xalq arasında əlaqələrin davam etməsi və beynəlxalq müqavilələrə ehtiram naminə, Azərbaycan respublikası hakimiyyətindən, Hacı Tale Bağırzadəni tezliklə zindandan azad etməsini tələb edirik” deyə bildirir və əlavə edir ki, “ikitərəfli əlaqələrimizin gözəl şəkildə qalması üçün, Tale Bağırzadənin tezlikə azad olmasını sizdən xahiş edirik”.
Bu, faktiki olaraq Azərbaycan dövləti ilə təhdid dili ilə danışmaq deməkdir və “Şeyx Nəsrullahlıq” eşqinə düşən Yusif Nasirinin bu təhdidinin əslində İranın dini dairələrinin başlatdığı kampaniyanın bir hissəsi olduğu şübhəsizdir. Bu “Şeyx Nəsrullaha” başa salmaq lazımdır ki, nə o İraqın baş naziridir ki, “ikitərəfli əlaqələrin atmosferini müəyyən etsin”, nə də Azərbaycan onun üçün təhdid edə biləcəyi ölkə deyil.
Azərbaycan dini dəyərlərin qorunduğu, lakin dinin siyasətdən ayrı olduğu ölkədir. Azərbaycan Konstitusiyasında bildirilir ki, din dövlətdən ayrıdır və dinin dövlətin siyasi iradəsinə müdaxiləsi yolverilməzdir. Heç kim dini etiqadına, düşüncəsinə və ibadətinə görə həbs edilmir, yalnız qanunu pozanlar cinayət məsuliyyətinə cəlb edilir. Bütün bunlar Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş müddəalardır. “Beynəlxalq müqavilələr”dən dəm vuran Şeyx Nasirinin BMT Nizamnaməsində və Helsinki Yekun Aktında ölkələrin daxili yurisdiksiyasına müdaxilənin yolverilməz olduğu müddəalarını da oxumağını tövsiyə edirik. Hərçənd, o, çətin özünü belə bir zəhmətə sala, çünki məqsəd Azərbaycana qarşı hücum kampaniyasını genişləndirməkdir və Nasiri özünü bu kampaniyada “ağır toplardan” hesab edir. O və onun kimilərin fitilini yandıranlar nə qədər əksini iddia etsələr də, Azərbaycan dini dəyərlərin qorunması səviyyəsinə görə müsəlman ölkələri arasında ilk pillələrdə yer alır. Bu gün ölkədə 2246 məscid fəaliyyət göstərir, bütün müqəddəs məkanlar dövlət tərəfindən qorunur, bərpa edilir və ibadət üçün istifadəyə verilir. Azərbaycan Prezidenti şəxsi vəsaiti hesabına ibadət yerləri açır, inşasına başlanan “Fatimey-Zəhra” məscidi də bunun bariz nümunəsidir. Azərbaycanda bütün dinlər öz iradələrini azad şəkildə həyata keçirdiyi kimi, İslamın iki böyük məzhəbinin – sünni və şiə – də eyni məsciddə ibadət edə bildiyi mühit var. 2016-cı ilin 15 yanvarında Heydər Məscidində qılınmağa başlanan Vəhdət namazı İslam aləmini əsrlərdir məzhəb qarşıdurmasına sürükləyən güclərə layiqli cavab, müsəlman ölkələri üçünsə yeni model oldu. Nasirinin ölkəsi İraqda, eləcə də onun “fitilini yandıranların” olduğu İranda Azərbaycandakı kimi İslam dəyərlərinə verilən qiymət olsaydı, bu gün nə İslam ikiyə bölünməzdi, nə də müsəlmanların qanı tökülməzdi. Hər-halda bu “Şeyx Nəsrullah” İranda və İraqda sünni və digər məzhəblərin üzləşdiklərindən xəbərsiz deyil.
Lakin bu dairələr bu gün Tale Bağırzadənin müdafiəsinə qalxır, Azərbaycanla təhdid dilində danışmaq sevdasına düşürlər. Onların mömin və ilahiyyatçı hesab etdikləri T. Bağırzadə Azərbaycan dövlətinin konstitusiya quruluşunu devirməyə cəhd etmişdi və bunu fəaliyyət göstərdiyi müddətdə heç vaxt gizlətmirdi.
“İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbəla məktəbi ilə talan edərik. Dindarlar və Bakının 32 kəndi Hacı Tale bəyin əmrini gözləyir”. Dövlətə qarşı olan bu terror çağırışı T. Bağırzadənin tərəfdarları tərəfindən səsləndirilib. T. Bağırzadənin özü isə dəfələrlə dövlətə qarşı çağırışlar etmişdi. Nəhayət, 2015-ci ilin noyabrın 26-da T. Bağırzadə və onun qruplaşması Nardaranda dövlət quruluşunun dəyişdirilməsi planlarını həyata keçirməyə cəhd etdilər və polislərə qarşı terror aktı törətdilər. Azərbaycan dövləti suverenliyinə təhdid olan terrorçuları zərərsizləşdirdi və Bağırzadə həbs olundu.
- Bağırzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin konkret maddələri ilə məsuliyyətə cəlb olunub: qəsdən adam öldürmə; qanunsuz olaraq odlu silah əldə etmə; qanunsuz olaraq silah gəzdirmə; terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma; kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə; hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama; qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olmaqda; dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə; hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə;
Ortada törədilmiş və sübuta yetirilmiş böyük bir cinayət var və dövlət mövcud qanunvericiliyə uyğun şəkildə cinayətkarı məsuliyyətə cəlb edib.
İranın dini dairələri beynəlxalq hüquqa və ikitərəfli münasibətlərə zidd olaraq, Azərbaycan dövlətindən T. Bağırzadənin cinayətlərinə göz yummağı və azad etməyi tələb edir. Şeyx Nasirinin timsalında İraq ayətullahlarının prosesə cəlb edilməsi isə “təzyiq dalğasının” genişləndirilməsi gedişidir. Nasiri nə qədər İraq dindarlarının adından danışsa da, bu ölkənin dini cameəsinin 1979-cu il inqilabından sonra İran ayətullahlarının nəzarətində olduğu faktdır. Xomeyni hələ Nəcəfdə sürgündə olarkən “Vilayəti-Fəqih” nəzəriyyəsini irəli sürmüş və hakimiyyətə gələndən sonra İraqın dini cameəsinin bu nəzəriyyəyə biəti uğrunda çoxlu qanlar tökülmüşdü. “Vilayəti-Fəqih”ə qarşı çıxdığı üçün İraqa sürgün edilən şiə alimi Əbülqasim Xoyinin oğlu Əbdülməcid Xoyinin 2003-cü ildə Səddamın devrilməsindən sonra İraqda İran dini dairələrinin əsas gücü olan Sədr ailəsi, konkret desək, Müqtəda Sədr tərəfindən qətlə yetirilməsi də tökülən qanlardan biri idi. Çünki Əbdülməcid Xoyi İraqda hakimiyyətə gəlməyi planlaşdırırdı və onun hakimiyyətə gəlişi “Vilayəti-Fəqih” nəzəriyyəsinin İraqda təsirini itirməsi, eləcə də şiələrin müqəddəs məkanları olan Nəcəf və Kərbəlanın əldən çıxması demək olardı. Məhəmməd Bakir al Hakimi də Əbdülməcidin taleyini yaşadı. Müqtəda Sədr Əbdülməcidin qətlindən sonra Səddam dövründə İrana köçən və 9 il Tehranda yaşayan Nuri əl-Malikini hakimiyyətə gətirdi. İraqın dini rəhbərliyi isə Sistaniyə verildi. Həmin dövrdən sonra İraqda İranın dini mərkəzlərinə qarşı çıxa biləcək kimsəyə aman verilmədi və dini rəhbərliklər yalnız “Vilayəti-fəqih” nəzəriyyəsinə sadiq olanlar gətirildi, Nasiri də belə sadiqlərdəndir. Onun T.Bağırzadəyə görə Azərbaycan dövlətini təhdid etmək xülyasına düşməsi də İrana bağlı olduğunun aşkar nümunəsidir. Nasirinin təhdidinə paralel olaraq İranda T.Bağırzadə kampaniyasına yenidən start verilməsi də bütün oxları bu ölkənin üzərinə yönəldir:
– İran universitetlərinin tələbə təşkilatları (13 təşkilat) Tale Bağırzadəyə dəstək bəyannaməsi yaydı. Bəyannamədə Azərbaycan dövlətinə qarşı açıq çağırışlar yer alır.
– İranın Bicar şəhərində şəhid Bahünər adına orta məktəbdə İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə təşkil olunan tədbirdə T.Bağırzadəyə həsr olunmuş mərasim keçirildi.
– İranda fəaliyyət göstərən “Hüseyniçilər” adlı dini təşkilatın rəhbəri Tohid İbrahimbəyli Feysbuk sosial şəbəkəsində videomateriallar vasitəsilə T.Bağırzadəyə açıq dəstək göstərir və Azərbaycana qarşı çağırışlar edir. (T. İbrahimbəyli Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktının əsas təşkilatçılarındandır).
– İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə keçirilən kütləvi yürüşlərdə T.Bağırzadənin azad edilməsi tələbləri səsləndirilir.
– Bütün bunlara paralel olaraq, Nasiri İraqdan Azərbaycana qarşı tələblər irəli sürür.
Baş verənlər İranda Azərbaycana qarşı növbəti təhdid kampaniyasının başladığını göstərir və burada sual yaranır: məqsəd nədir?
T.Bağırzadə və qruplaşmasının zərərsizləşdirilməsi İranın dini dairlərinin Azərbaycanda “şəriət rejimi” yaratmaq planlarını alt-üst etdi. Bu dairələr belə planlarının olduğunu gizlətmirlər və bütün hücumların arxasında da məhz bu niyyətlər yatır. Bağırzadə məsələsinin yenidən gündəmə gətirilməsi və onun “legitimləşdirilməsi”nə hesablanan ifadələrin işlədilməsi gələcək planlara hesablanıb:
- İranın dini dairələri belə təhdidlərlə T.Bağırzadə və qruplaşmasının azad oluna biləcəyini hesab edirlər. Bu baş verərsə, onların “şəriət rejimi” planlarının önü yenidən açılacaq. Lakin bunun mümkünsüz olduğunu da anlayırlar, buna görə də “qəhrəmanlaşdırma” kampaniyası aparılır.
- T. Bağırzadənin Azərbaycanın inanclı kəsiminin gözündə “qəhrəmana” çevrilməsi: İranda Nardaranda zərərsizləşdirilən terrorçuların “şəhid” kimi təqdim edilməsi, T.Bağırzadənin bütün platformalarda müdafiə olunması, xüsusilə inqilabın ildönümü münasibətilə keçirilən kütləvi yürüşlərdə posterlərinin qaldırılması buna hesablanıb.
- Bu dairələr Azərbaycanın inanclı kəsiminin T.Bağırzadənin arxasınca getməyəcəyini də anlayırlar. Məhz buna görə ilkin mərhələdə onun İranda “qəhrəmanlaşdırılması” kampaniyası aparılır. Orta məktəblərdə mərasimlərin təşkili isə İranın gələcək nəsillərinin şüuruna indidən Azərbaycanın dünyəvi hakimiyyətinə qarşı nifrətin yeridilməsinə hesablanıb ki, bu, təhlükənin miqyasını daha da böyüdür. Görünür, İranın dini dairələri “şəriət rejimi” planlarını indi həyata keçirə bilməsələr də, gələcəkdə reallaşdırmaq üçün alt baza formalaşdırırlar. İkinci mərhələ İranda formalaşdırılan fikrin tədricən Azərbaycana transfer edilməsi olacaq.
- Prosesə Nasirinin də daxil edilməsi “təkcə İranın deyil, İraqın da dini liderləri belə istəyir” görüntüsünün yaradılmasıdır.
Görünən budur ki, dini dairələr Azərbaycana qarşı regional səviyyədə hücuma keçiblər. Bu kontekstdə Avropada erməni xüsusi xidmət orqanlarının nəzarətində olan separatçılarla “mühacirlərin” də T.Bağırzadə kampaniyasına qoşulması diqqət çəkir. Proseslərin analizi “İranın dini dairələri ilə erməni xüsusi xidmət orqanları Azərbaycana qarşı birgə hərəkət edir” sualını önə çıxarır. Bu sualın cavabını və İranda müəyyən dairələrin din pərdəsi altında Azərbaycana hücumunu ilk növbədə rəsmi Tehran düşünməlidir. Çünki baş verənlər nə Azərbaycan və İran arasında mehriban qonşuluq siyasətinə, nə Azərbaycanın indiyə qədər İrana qarşı heç bir platformada yer almadığı və bundan sonra da almayacağı reallığına, nə də iki ölkə arasında regional əhəmiyyətli iri layihələrin həyata keçirildiyi və bunun regionun siyasi-iqtisadi təhlükəsizliyində oynadığı rola uyğun deyil.
Trend.az