GADTB: İranın Naxçıvandakı sabiq baş konsulu Seyid Əhməd Hüseyni “İran diplomatiyası” saytında qərəzli qeyd yazıb: “Bir müddətdir ki, Cənubi Qafqazda bir hissəsi Azərbaycan tərəfindən Zəngəzur adlandırılan nəqliyyat marşrutlarının açılması məsələsi diqqət çəkir və bu barədə fikirlər səslənir”.
Onun sözlərinə görə, Sovet İttifaqının son illərində Qarabağ məsələsi ətrafında böhran yaranmışdı ki, bunun nəticəsində Ermənistan və Azərbaycan arasında nəqliyyat yolları bağlandı və bölgə 30 illik dalana dirəndi. İran da bu hadisədən bilavasitə təsirləndi və bir sıra marşrutlar bağlandığı üçün böhrandan zərər çəkən tərəflərdən biri olub.
Keçmiş baş konsul deyib ki, İkinci Qarabağ müharibəsi zamanı İranın ali rəhbəri Əli Xameneyi işğal altında olan torpaqların Azərbaycana qaytarılmasının zəruriliyi, bölgədə terrorçu qrupların mövcudluğunun qarşısının alınması ilə bağlı çağırış edib.
Qarabağ müharibəsindən sonra marşrutların yenidən açılması məsələsinin gündəmə gətirilməsinə toxunan sabiq səfir bildirib ki, bu kontekstdə “gərəksiz və təxribatçı” mövqe tutulub.
“Bu bölgənin köhnə adından yaranan və tarixi iddiaları ehtiva edən Zəngəzur adı seçilərək rəvayət edilib. Bütün prosesləri təhlil etsək, onların xoşuna gəlməyəcək, qəbul edib həzm etməkdə çətinlik çəkəcək nəticələr əldə edəcəklər. Təəssüf ki, tarixi məsələlərə bu cür yanaşma tərzi, yəni prosesləri birtərəfli və öz xeyrinə görmək elmi və məntiqi cəhətdən düzgün deyil və bölgədə problem və anlaşılmazlıq mənbəyinə çevrilib”, – deyə, Seyid Əhməd Hüseyni cəfəng fikir səsləndirib.
O, vurğulayıb ki, İran Cənubi Qafqaz ölkələri ilə qonşudur və bildirib ki, guya son 30 ildə bütün imkanlarını onların rahatlığına sərf edib.
Sitat: “İran bölgədə yeni quruluşun formalaşmasının mühüm elementlərindən biridir. Belə bir şəraitdə diplomatik sistemin İranda yeni hökumətin müsbət əməkdaşlıq mühiti yaratmaq missiyası var ki, bu da region ölkələri və digər dövlətlərlə dialoq və qarşılıqlı fəaliyyət üçün uğurlu fürsətdir. Təbii ki, region ölkələri ilə diplomatiya ilə yanaşı, qurumlar arasında daxili birlik və İranın imkanlarını azaltmağı hədəfləyən dəhlizlərin mənfi nəticələrini azaltmaq üçün mümkün qədər tez əhəmiyyətli tədbirlərin görülməsi lazımdır”, – deyə, yazıda vurğulanıb./Azad İran