Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejimi Azərbaycan ordusuna dəstək olan azərbaycanlıları ağır həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbilin Ciral parkında etiraz aksiya keçirən 12 azərbaycanlı fəal barədə ağır həbs qərarı çıxarılıb.

Oktyabrın 9-da rejimin Ərdəbildəki Cinayət Məhkəməsinin 102-ci şöbəsinin rəisi Tahir Rəsulinin çıxardığı qərara görə, azərbaycanlı fəallar erməni təcavüzünü pislədiyinə görə ümumilikdə 180 ay həbs, 888 qamçı cəzasına məhkum ediliblər.

Azərbaycanlı fəallar Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin, Müctəba Pərvin, Hamid Heydəri, Məhəmməd Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İranın Cinayət Məcəlləsinin 607-ci maddəsinə əsasən ittiham olunublar.

Azərbaycanlı fəallar “Polisə itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “İctimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.

Həmçinin məhkəmə Pərviz Siyabi, Hüseyn Balaxani, Hamid Heydəri, Məhəmməd Colani, Səccad Colani və Sübhan Bəxşinin yaş, sağlamlıq və ictimai mövqelərini nəzərə alaraq, onların barəsində çıxarılmış olan elektron qandal vasitəsilə nəzarətdə saxlanılmaq cəzasının 4 il müddətinə təxirə salınması barədə qərar çıxarıb.

Eyni zamanda İranın Cinayət Məcəlləsinin 448 və 449 -cu maddələrinə və Cinayət Prosessual Məcəlləsinin 427-ci maddəsinə əsasən Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirməkdə ittiham edildiyi üçün cəriməyə məhkum olunub.

Qeyd edək ki, azərbaycanlı fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …