GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycanın Miyana şəhərindən olan bir yaşlı körpəyə Sevgi adı verildiyi üçün İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatə İdarəsi bir ildir doğum haqqında şəhadətnamə vermir.
Sevginin anası Rəna Palar sosial media hesabında bununla bağlı etdiyi paylaşımda qızının bir yaşının olmasına baxmayaraq, ona doğum haqqında şəhadətnamə ala bilmədiklərini yazıb.
Rəna Palar yazır: “Dekabrın 29-da qızım Sevginin bir yaşı tamam oldu. Ancaq Təbriz şəhərində Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin irəli sürdüyü maneələr ucbatından (Sevgi adının türkcə olmasına görə) ona doğum haqqında şəhadətnamə ala bilməmişik”.
Qeyd edək ki, bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaşanıb və məsələ ictimailəşdirilib.
Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan, Alparslan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.
İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk”-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, BMT-nin Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib. Hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı alçaldılması” da vurğulanıb.