GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim yaxaladığı tanınmış azərbaycanlı musiqiçi Abbas Nikrəvanı Urmiyadakı ETTELAAT İdarəsinə köçürüb.
Rejimin Güney Azərbaycanın Salmas şəhərindəki məhkəmə sisteminin rəsmisi bu barədə sənətçinin ailəsinə məlumat veriblər.
Sentyabrın 16-da Nikrəvanın ailəsinin Salmasın təhlükəsizlik idarəsi və istintaq idarəsinin 2-ci bölməsinə müraciətlərində onlara kobud şəkildə bildiriblər ki, məsələ onların nəzarətindən alınıb, Urmiya şəhərinin təhlükəsizlik idarəsinə verilib.
Musiqiçinin oğlu məhkəməyə müraciətinin nəticəsiz qaldığını görəndən sonra Salmas İcra Hakimiyyətinin başçısına müraciət edib.
İcra Hakimiyyətinin başçısı Əli Əkbər Əsgəri Salmas şəhərinin baş prokurorna zəng edib və prokuror deyib ki, “biz ETTELAAT-ın işinə qarışa bilmərik”.
Abbas Nikrəvan bu gün ailəsi ilə qısa telefon əlaqəsi zamanı Urmiya şəhərinin ETTELAAT idarəsində olduğunu bildirib.
Qeyd edək ki, Güney Azərbaycanın Salmas şəhərindən olan tanınmış musiqiçi və mədəni fəal Abbas Nikrəvan sentyabrın 5-də rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıb.
Abbas Nikrəvan bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs olunub.
O, 2018-ci il iyulun 5-də Babək Qalası Qurultayında rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb, bir həftə dindirildikdən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.
Bununla yanaşı Nikrəvanın xərçəng xəstəliyindən əziyyət çəkən və kimsəsiz uşaqlara yardım üçün 2015-ci il 4-6 fevralda Qoşaçayda keçirilməsi nəzərdə tutulan xeyriyyə konserti rejimin məmurlarının basqıları nəticəsində ləğv edilmişdi.