GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terror təşkilatı Suriyadan çıxaracağı Qəndil heyətini İraqdakı Türkmaneli bölgəsinə köçürür.
Türkiyə mətbuatı yazır ki, İraqdakı təşkilatlanma prosesində İranın dəstəklədiyi “Həşdi-Şabi” və PKK birgə hərəkət edir.
Bildirilib ki, plana əsasən, terror təşkilatı Sincar-Telafer-Kərkük xəttinə yerləşdiriləcək. Hətta son 20 gündə Kərkük-Telafer xəttində İran və PKK arasında iki gizli toplantı da keçirilib.
İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi də Kərkük-Mosul-Telafer xəttində hərəkətliliyin artdığını və Türkmanelini çətin dövrün gözlədiyini bildirib:
“Suriyadakı dəyişiklik balansa dərindən təsir edəcək. Bölgəmizdə bunun əlamətlərini görməyə başlamışıq. İran rəsmilərinin təhdidləri və PKK-nın Türkmanelidə məskunlaşdırma fəaliyyətləri daha çox özünü büruzə verib. Suriyanın qisası üçün Türkmanelini qarışdıracaqlar. Ankara təhlükənin fərqində olmalıdır. Oyun böyükdür və təhlükə səviyyəsi yüksəkdir. İlk hədəf Türkmaneli olacaq”.