
GADTB: İranın müxtəlif şəhərlərində küçə etirazlarının genişlənməsi və İslam Respublikası hakimiyyəti tərəfindən bu aksiyaların sərt şəkildə yatırılması, eyni zamanda internet və telefon xətlərinin kütləvi şəkildə kəsilməsi fonunda azərbaycanlı siyasi məhbusların taleyi ciddi qeyri-müəyyənlik içində qalıb.
Son günlər bu məhbusların ailələri yaxınları ilə heç bir əlaqə yarada bilməyib, onların vəziyyəti barədə hər hansı məlumat ala bilmədiklərini bildiriblər. Bu durum məhbusların can təhlükəsizliyi və saxlanma şəraiti ilə bağlı narahatlıqları daha da artırıb.
Məlumata görə, Evin həbsxanasında saxlanılan bəzi azərbaycanlı siyasi məhbusların ailələri onların vəziyyətini öyrənmək məqsədilə məhkəmə orqanlarına və həbsxana rəhbərliyinə müraciət ediblər. Lakin məhkəmə və Evin həbsxanasının məsul şəxsləri “ikinci bir göstərişə qədər” məhbuslarla görüşün və hər cür ünsiyyətin mümkün olmadığını bildiriblər və bu məhdudiyyətlərin davam edəcəyini açıqlayıblar.
Eyni zamanda, mənbələr məhbusların həbsxanadan kənarla telefon əlaqəsi hüququnun da tamamilə ləğv edildiyini və bu hüququn nə vaxt bərpa olunacağına dair heç bir tarix göstərilmədiyini vurğulayıblar ki, bu da ailələrin narahatlığını daha da dərinləşdirib.
Azərbaycanlı siyasi fəal Yuruş Mehrəli-Bəylu 15 dey 1404-cü il tarixində, xalq etirazları ilə bağlı video-müraciət yaydıqdan və Azərbaycanlı siyasi təşkilat və partiyaların etiraz çağırışları etməsinin vacibliyini vurğuladıqdan bir neçə saat sonra Təbriz şəhərində İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Həmçinin Abülfəzl Rəncbəri artıq 9 aydan çoxdur ki, heç bir hüquqi əsas göstərilmədən Təbriz şəhərində təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılır. O, bu müddət ərzində tam şəkildə görüş və telefon danışığı qadağası altında olub, ailəsi isə onun vəziyyətindən xəbərsizdir.
Hazırda Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəallar arasında Əbdüləziz Əzimi-Qədim, Vədud Əsədi, Salar Tahir Əfşar, Ayaz Seyfxah, Araz Aman, Mürtəza Pərvin, Məhəmmədrza Fəqihi, Abbas Lisanı, Mahmud Ocaqlu, Tahir Nəqəvi və Baqir Hacızadə də var.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi