GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim Azərbaycan türk millətinin ana dilində təhsil, türkcə televiziya kanalı və s. tələblərinin millət vəkilləri tərəfindən məclisdə gündəmə gətirilməsinə laqeyd yanaşır.
Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Şəbüstər və s. şəhərlərinin bir neçə millət vəkili son bir neçə ayda Azərbaycan türkcəsində təhsil, 24 saatlıq türk dilində televiziya kanalı və s. tələbləri irəli sürürlər. Lakin irqçi fars rejim qətiyyən bunlara məhəl qoymur.
Sonunu dəfə yenə Güney Azərbaycanın Urmiya şəhərinin məclisdəki millət vəkili Nadir Qazipur oktyabrın 18-də 40 milyon türk üçün 24 saatlıq türk dilində televiziya və qəzet tələbini irəli sürüb.
“Fars” xəbər agentliyinə danışan millət vəkili İranın 80 milyon əhalisindən 40 milyonunun türk dilində danışdığını bildirib.
Qazipur deyib: “Türklər Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Həmədan, Qəzvin, Şimali Xorasan, Gülüstan, Mazandaran, Kürdistan, Əlborz, İsfahan və Fars əyalətlərində yaşayır. Bir sözlə desək, İranda türklərin yaşamadığı yer yoxdur. Bu 40 milyon əhalinin bir sıra tələbləri var. Türk əyalətlərinin millət vəkilləri həmin tələblərin təmini ilə bağlı Türk Bölgələri Fraksiyasını yaratmağa qərar verdilər. Sonralar bəziləri onun adını şimal-qərb fraksiyası ilə dəyişdirmək istədi, lakin mən bunun qarşısını aldım. Hazırda fraksiyanın rəisi Məsud Pezeşkiyandır, mən də onun müavini postuna seçilmişəm”.
Qazipur həmçinin deyib: “Öz zəngin mədəniyyətlərini dünyaya təqdim etmək üçün, türklərin bütün İranda yayımlanacaq 24 saatlıq televiziya kanalı və bir qəzetə ehtiyacı var. Türk dilinin tədris olunması da İrandakı bütün qövmlərin dili kimi təmami ilə qanuna uyğundur. Bu tələblər qanun çərçivəsində olduğu halda, “Qanun” kimi bəzi satılmış qəzetlər türkləri təhqir edir və öz hüquqlarını tələb edənlərin ünvanına çirkin böhtan və iftiralar yazır”.