Şənbə , Aprel 20 2024
azfa

İşğalçı Ermənistan yenidən Azərbaycan ərazilərinə hücuma keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Həmçinin təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılmış, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu sağ çiyin nahiyəsinin kor qəlpə yarası xəsarəti alıb.

Azərbaycan Müdafiə Nazirliyi işğalçı ölkənin sərhəddə və təmas xəttində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirdiyini açıqlayıb. Baş verənlərlə bağlı ictimaiyyətə detallı məlumat verilməsə də, MN-in rəsmi açıqlamada “düşmən tərəfi ağır itkilərə məruz qalıb” qeydi-ciddi döyüşlərin getməsindən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyanın baş verənləri gizlətmək məqsədilə verdiyi açıqlama da düşmənin ağır itkilər verdiyi fikrini gücləndirir.

Şuşan deyir ki, Azərbaycan Ordusunun şəhid verməsi haqda məlumatsızdırlar.

Bu, döyüşlərin olduğunu erməni ictimaiyyətindən gizlətmək məqsədi daşıyır, əksini demək ermənilərin “real vəziyyəti açıqlayın, itkilərimiz nə qədərdir” kimi suallarının yaranmasına şərait yaradacaq.

Şuşan digər cümləsində toqquşmanın olduğunu dolayısı ilə təsdiqləyir: “Biz dəfələrlə bildiririk ki, Ermənistan-Azərbaycan sərhədində risklərin azaldılması üzrə mexanizmlərin yoxluğu gərginliyə imkan yaradır”.

Tovuz döyüşlərində “Azərbaycanı hücum edən tərəf kimi” göstərmək cəhdləri baş tutmayan Ermənistan bu dəfə “mexanizmin olmaması” əsası ilə hücumunu gizlətməyə çalışır.

Bu hücumun 21 sentyabrda – Ermənistanın müstəqillik günündə edilməsi də zamanın təsadüfi seçilmədiyini göstərir. Diqqətçəkən məqam isə bu gün Paşinyanın İrəvanda qondarma “dqr”in rəhbəri Araik Arutunyanı qəbul etməsidir. Müstəqillik günü ilə bağlı İrəvana gələn Aratunyanın Paşinyanla görüşündə Dağlıq Qarabağ cəbhəsindəki vəziyyətin müzakirə edildiyi şübhəsizdir.

Mümkündür ki, Paşinyan Arutunyanla Tovuz istiqamətində təxribatlara paralel olaraq Qarabağdan da hücum edilməsi planını müzakirə edir. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında düşmənin hər iki cəbhədə vəziyyəti gərginləşdirdiyi qeydi də bunu təsdiqləyir.

Lakin Tovuzdan hücumların edilməsinin hərbi müstəvidə bir neçə səbəbi var:

1. Ehtiyatda olan hərbçilərin orduya çağırılması, hərbi təlimlərə başlanılması və Prezident İlham Əliyevin yerli telekanallara son müsahibəsində münaqişəyə dair verdiyi mesajlar Azərbaycanın Dağlıq Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyi ehtimalını gücləndirdi. Ermənistan Qarabağda təxribat hücumlarla Azərbaycanı qabaqlamaq istəyir.

2. Qarabağda mümkün müharibədə beynəlxalq hüquqa əsasən Azərbaycan haqlıdır və verilən mesajlar, atılan addımlar münaqişənin həllində hərbi variantın ön plana çıxdığını göstərir. Ermənistan Tovuzdan hücum etməklə Azərbaycan Ordusunun anti-terror əməliyyatında diqqətini ikinci cəbhəyə yönəltmək, sərhəd toqquşması üzərindən Rusiya başda olmaqla KTMT-ni müharibəyə cəlb etmək və beynəlxalq arenada “Azərbaycanı hücum edən tərəf kimi” göstərmək istəyir. Dünən gecə ordumuz tərəfindən məhv edilən erməni PUA-sının hədəfi də sərhəd istiqamətində gərginliyi artırmaq idi.

Baş verənlər müharibənin kandarında olduğumuza dəlalət edir və bu kontekstdə Prezident İlham Əliyevin son müsahibəsində “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək… Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur” sözləri hərbi həll variantının qaçılmaz olduğunu və hadisələrin mümkün inkişafını təxmin etməyə imkan verir.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın