Bazar ertəsi , Yanvar 17 2022
azfa

“Koroğlu”nun “Uvertura”sı, Azərbaycan Cümhuriyyətinin səsi- Nəsiman Yaqublunun araşdırması

GADTB: Bu haqda ilk dəfə olaraq 1990-cı ildə yazmışdım. O, zaman M.Ə.Rəsulzadənin Üzeyir bəy haqqında olan məqaləsini oxumuşdum və onun ev-muzeyində çalışan qohumu Ramazan Xəlilovdan da məlumatlar əldə etmişdim. R.Xəlilov  həm də Azərbaycan Xalq Cümhuriyyəti ordusunun əsgəri olmuşdu və çox məlumatlı idi.O, həm də Ü.Hacıbəylinin həyat yoldaşı Məleykə xanımın yaxın qohumu idi.1991-ci ildə nəşr edilən “Məmməd Əmin Rəsulzadə” kitabımda bu haqda daha geniş məlumatlar yazdım və xüsusi olaraq qeyd etdim ki, böyük bəstəkarımız Ü.Hacıbəylinin  “Koroğlu” operasının “Uverturası”  onun çox sevib təbliğ etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin ruhudur və səsidir (bax:N.Yaqublu,”Məmməd Əmin Rəsulzadə”. B., 1991, s.238-240).Mən bu faktları yazandan dörd il sonra, 1995-ci ildə  tədqiqatçı dostumuz Aslan Kənan Ü.Hacıbəylinin “Fitnələr qarşısında” kitabını nəşr etdirdi(bax:Üzeyir bəy Hacıbəyli. Fitnələr qarşısında. B., 1995). Və bu kitabda Ü.Hacıbəylinin “Azərbaycan” qəzetində nəşr edilmiş yazılarını oxuculara təqdim etdi.Bu Üzeyir bəyin Cümhuriyyətimiz haqqında yazılarının cəmiyyətimizə ilk təqdimatı idi.

     Sonradan tanınmış tədqiqatçımız Şirməmməd Hüseynov Ü.Hacıbəylinin Parlament yazılarını üç cilddə toplayıb oxuculara təqdim etdi(bax: “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 − aprel 1920). I cild. B., 2015; II cild.2016; III cild.2017).

   Bu təqdimat da Üzeyir bəyin  yaradıcılığının öyrənilməsinə  ciddi təkan verdi.Böyük Üzeyir bəyin “Azərbaycan” qəzetində parlamentimizin açılışna həsr edilmiş “Təəssürat” məqaləsi isə sanki  “Uvertura”nın mətni idi. Mənim bu fikirlərimə və yazıma rəhmətlik Şirməmməd müəllim də önəm verirdi və dəstəkləyirdi.

  İndi gəlin  həmin məqamlara diqqət edək. Ü.Hacıbəylinin ”Təəssürat”  məqaləsindən: “Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi…” (bax:Ü.Hacıbəyli. Təəssürat. “Azərbaycan” qəzeti, 9 dekabr 1918, №60).

Sonra Ü.Hacıbəyli təsirli bənzətmələrlə fikrini gücləndirərək yazırdı: “Parlaman imarətinin içində ziynət cümləsindən diqqəti cəlb edən şey qiymətli xalılar deyil idi, bəlkə qiyməti ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi” (bax:Ü.Hacıbəyli. Təəssürat. “Azərbaycan” qəzeti, 9 dekabr 1918, №60).

Ü.Hacıbəyli parlamentin açılış mərasimindən çox maraqlı məqamları oxuculara çatdırırdı: “Məhəmməd Əmin (Rəsulzadə − red.) nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə,- Bu bayraq endiriləməz! − dedikdə bütün Məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu” (bax:Ü.Hacıbəyli. Təəssürat. “Azərbaycan” qəzeti, 9 dekabr 1918, №60).

Ü.Hacıbəyli məqaləsini təsirli cümlələrlə davam etdirirdi: “Padşahlıq məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı. Məhəmməd Əmində natiqlikdə “patent” qazanmış olan “orator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da keçdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin təsir oyatmaq idi” (bax: Ü.Hacıbəyli. Təəssürat. “Azərbaycan” qəzeti, 9 dekabr 1918, №60).

Ü.Hacıbəyli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra, “Azərbaycan” qəzetində müstəqil dövlətimizin geniş təbliğatını apardı. “Azadlıq”, “Cümhuriyyət”, “Parlament” sözləri onun yazılarının əsasını təşkil edirdi.

Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinə bağlı olmaq, dəyərləndirmək, onu müdafiə etmək prinsiplərini yazılarında əks etdirirdi: “Amma bu gün biz bu cürə dövləti qorumağa və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur, çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz  vətənimizin doğma oğluyuq. Vətən də  bizimdir, hökumət də bizimdir, camaat da bizimdir. Bu gündən böylə hər bir əmri məhz hökumətin boynuna atmaq, “Hökumət özü bilər” demək, hökuməti təkbaşına buraxmaq, hökumətə əldən gələn köməyi etməmək mənafei-milliyyə və istiqlaliyyətimizin və həm də şan və şərəfimizin təmin və təyidi(qüvvətlənməsi-red) yolunda işləməmək müstəqil yaşamaq iddiasında olan millət üçün günahdır” (bax:Ü.Hacıbəyli. Cəmaət köməkliyi. “Azərbaycan” qəzeti, 8 yanvar 1919, №82).

Ü.Hacıbəyli Azərbaycan istiqlalının bir illiyinə həsr etdiyi məqaləsini “Bir yaş” adlandırırdı. Onun bu yazısında Azərbaycan istiqlalına böyük  sevgi vardır. Üzeyir bəy  yazırdı: “Bu gün istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanimanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da iki yaşa qədəm qoyduğu gündür.

Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi. Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar həm anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xəşil etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içinə gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz  idi ki, zəif cisim, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi” (bax: “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 − aprel 1920). II cild. B., 2016. s. 147).

Ü.Hacıbəyli böyük uzaqgörənliklə iki gündən sonra Azərbaycanı işğal edəcək bolşeviklər haqqında yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyr! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç”(itoğlu-red) deyib, atamıza söyərdilər, mujik və raboçi(fəhlə-red) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər” (bax: Üzeyir bəy Hacıbəyli. Fitnələr qarşısında. B., 1995., s. 162).

1920-ci ilin aprelin 27-də Rusiyanın  XI  ordusu Azərbaycan sərhədlərini keçib ölkə ərazisini işğal etdi.

Sovet işğalının ilk illərində Ü.Hacıbəylinin həyatı sakit keçmədi. Bəzi məlumatlarda onun da bolşeviklər tərəfindən güllələnmə, yaxud həbs olunma ehtimalı  qeyd  edilməkdədir. Üzeyir bəyin  xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məleykə xanımın qardaşı İ.Terequlov olduğu söylənilməkdədir (İ.Terequlov o dövrdə Fövqəladə Komissiyada çalışırdı)(bax:N.Yaqublu. Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası.B.,2018, s.46)

1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, mənən qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-na qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi.Azərbaycanın işğalına qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın məqaləsi çap olunmuşdur(Bax:N.Yaqublu. Cümhuriyyət qurucuları.B.,2018. S.443).

Ü.Hacıbəylinin sovet dövründə 1 kitabı rus dilində çap edildi: “Azərbaycan xalq musiqisinin əsasları”.

Ü.Hacıbəyli sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin inkişafına həsr etdi. 1920-ci ilə qədər çoxlu sayda musiqi əsərləri bəstələyən Ü.Hacıbəyli yalnız 1937-ci ildə bir opera əsəri − “Koroğlu”nu yazdı(bax: Üzeyir Hacıbəyov Ensiklopediyası.B..2007,s.222).

Ü. Hacıbəyli bu sıxıntılara baxmayaraq, 1937-ci ildə “Koroğlu” operasını yazdı. Sanki bu əsəri ilə o, xalqı bolşevik rejiminə qarşı üsyana çağırdı. “Koroğlu”nun “Üvertürası” isə 1918-1920-ci illərdə mövcud olmuş azad bir dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin ruhunu yaşadırdı. Bu, Ü. Hacıbəylinin 17 il susqunluqdan sonra qanlı  bolşevik diktaturasına qarşı  barışmazlığı və etirazı idi.

Ü.Hacıbəyli 1948-ci ilin noyabrın 23-də dünyasını dəyişdi.

Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu M.Ə.Rəsulzadə Ü.Hacıbəyli haqqında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu − red.) hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”. Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (qaynaqları − red.) arasında qalacaq ayrılmaz bir dəyərdir” (bax:M.Ə.Rəsulzadə. Hacıbəyli Üzeyir. “Azərbaycan” jurnalı, Ankara, 1954, №8, s. 8-9)

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …