GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanda yerləşən apelyasiya məhkəməsi azərbaycanlı uşağa “Onur” adı ilə şəxsiyyət vəsiqəsinin verilməsinə icazə verib..
2017-ci il təvəllüdlü uşağın atası Əli Hidayəti öz İnstagram səhifəsində bu barədə məlumat yayıb.
Qeyd edək ki, irqçi fars rejimin irqçi siyasətilə bağlı Tikantəpədə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi adı türkcə olan uşağın dünyaya gəlməsindən 40 ay keçməsinə baxmayaraq “Onur” adının idarəyə elan olunan siyahıda olmadığını bildirərək uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. Onlar vəsiqənin verilməsi üçün Tehrandan icazə tələb olunduğunu bildirmişdilər.
Əli Hidayəti Tikantəpədə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsindən məhkəməyə şikayət edərək “Onur” adının İranda rəsmi lisenziya ilə çap olunan “Gözəl Türkü adları” və “Türk adlar sözlüyü” kitablarında mövcud olduğunu, güclü və şərəfli mənasını daşıdığını vurğulamışdı. Lakin birinci məhkəmə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin xeyrinə qərar çıxarmışdı.
Əli Hidayəti məhkəməyə ünvanladığı şikayət ərizəsində Tikantəpə Qeydiyyat idarəsinin bütün müraciətlərə və tələb olunan sənədlərin təqdim olunmasına baxmayaraq məsələyə laqeyd yanaşaraq şəxsiyyət vəsiqəsini verməkdən imtina etdiyini yazmışdı.
Əli Hidayətinin şikayətinə baxan Qərbi Azərbaycandakı apelyasiya məhkəməsinin 6-cı şöbəsi Tikantəpə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin Onura şəxsiyyət vəsiqəsi verməsi barədə müvafiq qərar çıxarıb. Qərarın qəti olduğu bildirilib.
İranda yalnız hökumət tərəfindən Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. İran rejimi irqçiliklə türk adlarını həmin siyahıya daxil etmir.