GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 29-da Təbriz zindanından məzuniyyətə buraxılmış azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəufun həbs cəzasının qalan hissəsi şərti həbslə dəyişdirilib.
Azərbaycanlı fəal iki il həbsdə saxlandıqdan sonra Təbriz zindanının qərarları icra edən şöbəsinə müraciət etdikdən sonra məlum olub ki, barəsində çıxarılan 5 il həbs cəzasının qalan müddətinin icrası təxirə salınıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayı etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanan Səttari rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “Milli təhlükəsizliyin əleyhinə toplaşma” ittihamı ilə 7 ay həbsə məhkum edilmişdi.
O, 2018-ci il sentyabrın 18-də rejim tərəfindən yenidən şərlənərək Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “Xamneini təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbs cəzasına məhkum edildi. Təbriz İnqilab Məhkəməsinin 11-ci Hökmləri İcra edən Şöbəsi 2018-ci il payızında heç bir məlumat vermədən fəalın iki dosyesini birləşdirib.
Bundan sonra isə rejimin Şərqi Azərbaycandakı Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi çıxarılan hökmləri “qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirərək fəal barəsində çıxarılan 7 aylıq hökmü 5 illik həbs qərarı ilə dəyişdirmişdir.
Sətttari bu haqsızlığa etiraz olaraq 2019-cu ilində iyunun 10-da Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlamış və ona qərara yenidən baxılmasını istəmişdir.