
GADTB: Milli Hərəkatın 11 siyasi fəalı və keçmiş siyasi məhbusu son etiraz aksiyalarında həlak olanların qırx mərasimi münasibətilə bəyanat yayımlayaraq, etirazlarda həyatını itirən və yaralanan şəxslərin xatirəsini yad edib, hazırda tələblərini ifadə etdiklərinə görə həbsdə olanlara dəstək ifadə ediblər.
Bəyanatda qeyd olunur ki, dinc etiraz hüququ ictimai hüququn əsas prinsiplərindən biridir və İran İslam Respublikasının Konstitusiyasına əsasən, toplantı və yürüşlərin təşkili xalqın hüququ sayılır. Həmçinin qanunsuz həbslərin qadağan edilməsi və məhkəməyə müraciət hüququ konstitusiyada təsbit edilib. Bundan əlavə, İranın qoşulduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində ifadə azadlığı, toplaşma azadlığı və yaşamaq hüququ əsas hüquqlar kimi tanınır.
Bəyanatda vurğulanır ki, son etirazlarda vətəndaşların etiraz hüququ tanınmayıb, silahlı qüvvələrdən istifadə olunmaqla güc tətbiqində mütənasiblik və zərurət prinsipləri pozulub. Vətəndaşların həyatını qorumaq dövlətin məsuliyyəti kimi qiymətləndirilir və həyat hüququnun pozulmasına görə hakimiyyətin cavabdeh olduğu bildirilib.
Sənəddə tarixi təcrübəyə istinad edilərək, xalqın istibdada qarşı birləşmək istədiyi məqamlarda bəzi siyasi cərəyanların tələbləri yayındırdığı qeyd olunur. Müəlliflər son hadisələrdə Rza Pəhləvi və monarxiya tərəfdarı cərəyanların xalqın tələblərini siyasi məqsədlər üçün yönləndirməkdə rol oynadığını və bunun gənclər üçün əlavə xərclər və itkilərə səbəb olduğunu iddia ediblər.
Bəyanatda Azərbaycan xalqının tarix boyu istibdada qarşı mübarizədə ön sırada olduğu, son etirazlarda da digər vətəndaşlarla yanaşı iştirak etdiyi vurğulanır. 21 Azər hadisələri və Pəhləvi rejimi tərəfindən Azərbaycanda törədilmiş kütləvi qırğınların tarixi yaddaşda qaldığı, repressiyanın siyasi və sosial tələblərə cavab olmadığının tarix tərəfindən sübut edildiyi qeyd olunur.
Milli Hərəkatın azadlıq və demokratiyanı yalnız bir bölgə üçün deyil, bütün məzlum xalqlar üçün tələb etdiyi, fikir və düşüncə müxtəlifliyinə demokratik prinsiplər çərçivəsində hörmət göstərdiyi bildirilib. Bəyanatda Azərbaycanın tarix boyu yalnız öz taleyi üçün deyil, bütün xalqlar üçün azadlıq və öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizə apardığı vurğulanır.
Sənəddə son etirazlardan sonra bir çox azərbaycanlı fəalın hüquqi prosedurlar olmadan saxlanıldığı, vəkilə çıxışın məhdudlaşdırıldığı və ailələrin məlumatlandırılmadığı bildirilib. Yuroş Mehrəlibəylo, Əli Babayi, Cəlal Kudərilu, Araş Kəhbur, Əhəd Fərhəmənd, Abbas Lisani, Əbdüləziz Əzimi Qədim, Vədud Əsədi, eləcə də vəkillər Tahir Nəqəvi və Məhəmməd Rza Fəqihi daxil olmaqla digər siyasi fəalların saxlanılması ciddi narahatlıq doğurduğu qeyd edilib.
Bəyanatda ürək xəstəliyindən əziyyət çəkən və ürək əməliyyatı keçirmiş Cəlal Kudərilunun sağlamlıq vəziyyətinin xüsusi tibbi nəzarət tələb etdiyi vurğulanaraq, məhbusların insan ləyaqətinə hörmət və tibbi xidmət hüququnun təmin edilməsinin vacibliyi qeyd olunub.
Bəyanatı imzalayan fəallar hökuməti bütün siyasi və əqidə məhbuslarının həyat və sağlamlığına görə birbaşa məsuliyyət daşıdığını bəyan edib, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, son hadisələrin müstəqil və şəffaf araşdırılmasını və hüquq pozuntularına görə məsul şəxslərin cavabdehliyə cəlb olunmasını tələb ediblər. Həmçinin zorakılıq, repressiya və ya xalq tələblərinin təhrifinə yönələn istənilən cərəyan və strukturu qınadıqlarını bildiriblər.
Bəyanatı Davud Şiri, Cavad Sudbər, Nasir Rəzmcu, Mürtəza Nurməhəmmədi, Mehrdad Qadiri, Araz İbrahimnəjad, İbrahim Əvəzzadə, Əmir Hüseyn Ağaeyi, Hüseyn Azadi, Seyid Məhəmməd Mövəhhed və Hamid Yeganəpur imzalayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi