
GADTB: Hazırda Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Araz Aman Zeynabad çərşənbə axşamı, 1404-cü il isfand ayının 5-də məhkəməyə çağırılıb. Məlumata əsasən, onun fiziki şəkildə məhkəməyə aparılmaması səbəbilə proses “elektron məhkəmə icraatı” formatında, videokonfrans vasitəsilə keçiriləcək.
Bu çağırış son aylarda Araz Amanın dəfələrlə 209-cu bölməyə köçürülərək intensiv dindirmələrə məruz qalması fonunda baş verir. Bildirilir ki, bu proses Azərbaycan milli hərəkatının fəallarına qarşı yeni dosyelərin hazırlanmasına yönəlmiş təhlükəsizlik ssenarisinin tərkib hissəsi kimi qiymətləndirilir. Təkrar köçürmələr, məhkəmə çərçivəsindən kənar sorğular və psixoloji təzyiqlər təhlükəsizlik qurumlarının yeni ittihamlar formalaşdırmaq və milli-mədəni fəaliyyətlərin cəzasını artırmaq cəhdlərindən xəbər verir.
Son dindirmələr zamanı təhlükəsizlik əməkdaşlarının şəxsi və ailə mövzularına fokuslandığı, işgəncə iddiaları, tibbi yardımdan məhrumetmə, digər fəallarla əlaqələr və ailənin etirazları ilə bağlı suallar vasitəsilə təzyiqi artırmağa çalışdığı bildirilir. Həmçinin Zahidan həbsxanasına sürgünlə hədələmə və həm-iş üzrə olanlara qarşı şikayətə məcburetmə kimi təzyiq elementlərinin də tətbiq edildiyi qeyd olunur. Hesabatlarda dindirmələrin sonunda Araz Amanın zorakılığa məruz qaldığına dair məlumatlar da yer alır.
Bu hadisələrin məcmusu azərbaycanlı fəala qarşı məqsədli şəkildə yeni dosye mərhələsinin başladığına dair narahatlıqları artırır və siyasi işlərin “mühəndisliyi”ndə təhlükəsizlik qurumlarının rolunu bir daha gündəmə gətirir.
Bundan başqa, məlumatlara görə, Araz Amanla yanaşı Evin həbsxanasında saxlanılan digər fəallar – Ayaz Seyfxah, Vədud Əsədi, Tahir Nəqəvi, Murtəza Pərvin və Kərəm Mərdanə də eyni qaydada – “elektron məhkəmə icraatı” vasitəsilə məhkəməyə çağırılıblar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi