GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Qəzvin şəhərində Xələc türkü olan ailənin övladına “Atakan” adına doğum şəhadətnaməsi verməkdən imtina edib.
Qəzvində rejimin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin məsul şəxsləri Qəzvindən olan Xələc türkünə Atakan adına görə doğum şəhadətnaməsi verməkdən imtina edir. Bina görə Güney Azərbaycanda həmin körpə 30 aydır doğum haqqında şəhadətnaməsiz qalıb.
Bu barədə Atakanın atası Əlirza Avşar Balamın Adı kampaniyasına deyb: “Oğlumuz 2 il 6 ay əvvəl Türkiyənin İstanbul şəhərində dünyaya gəldi və biz ona Atakan adını seçmişik. Oğlumuz dünyaya gələndə biz İstanbulda işləyirdik və xahişimizə əsasən xəstəxana ona Atakan adlı doğum şəhadətnaməsi verdi, Türkiyə hökuməti də ona eyni adlı qırmızı üzlüklü pasport verdi. Doğum haqqında şəhadətnamə almaq üçün İstanbuldakı İran konsulluğuna getdiyimiz zaman rəsmilər “Atakan yad addır, onu seçə bilməzsən, get İranlı ad seç!” dedilər. Nə qədər israr etsək də bu adı qəbulk etmədilər. Qəzvin qeydiyyat idarəsində isə bizə “Bu ad “türkiyə” adıdır və yasaqdır; Ona doğum haqqında şəhadətnamə verməyəcəyik, get “azəri” adı seç!” dedilər. Uşağımızın sənədsiz qalması bizə çoxlu problemlər yaradıb. Sağlamlıq mərkəzləri oğlumuza peyvənd vurmur və deyirlər ki, övladın xarici vətəndaşdır, sən Xarici Vətəndaşlar və İmmiqrasiya İdarəsinə müraciət et!”.
Qeyd edək ki, əvvəllər rejimin Təbrizki Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi “Atakan Çupani”yə 4 il müddətində doğum haqqında şəhadətnamə verməkdən imtina etsə də nəhayət, ona “Ataxan” adlı doğum şəhadətnaməsi vermişdi.