Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədimin həyatı təhlükə altındadır

GADTB: Etibarlı mənbələrdən daxil olan məlumatlara görə, azərbaycanlı milli fəal Əbdüləziz Əzimi Qədimin fiziki vəziyyəti son dərəcə kritik mərhələyə çatıb və “qırmızı həyəcan” səviyyəsindədir. Verilən bilgilərdə onun qan şəkərinin həyati təhlükəli hədd olan 60-a düşdüyü bildirilib. Bu səviyyə istənilən an huşsuzluq, iflic və ya geri dönüşü olmayan ciddi fəsadlara yol aça bilər.

Mənbələrə görə, Əzimi Qədim artıq ayaqda dura bilmir. Çətinliklə baş tutan qısa telefon danışığında səsinin son dərəcə zəif olduğu, yalnız bir neçə kəlmə deyə bildiyi və vəziyyətinin ağırlaşması səbəbindən danışığı davam etdirə bilmədiyi qeyd olunub.

Əbdüləziz Əzimi Qədim son illərdə dəfələrlə aclıq aksiyası keçirib və sonuncu etirazı 45 gün davam etmişdi. Həmin müddətdə çəkdiyi ağır fiziki zərbələr bu gün daha sərt şəkildə geri qayıdıb və onun bədənini son dərəcə zəif düşmüş vəziyyətdə qoyub. İndi isə həyati təhlükə hər an daha da artır.

Cənubi Azərbaycanın milli hərəkatı içində narahatlıq ən yüksək həddə çatıb. Azərbaycanlı fəallar bildirirlər ki, Əzimi Qədim və digər aclıq aksiyası keçirən siyasi məhbuslara qarşı səssizlik və biganəlik qəbuledilməzdir. Onlar İran İslam Respublikasının məsuliyyət daşıdığını vurğulayaraq bildiriblər ki:

“Rejimin irqçi siyasətləri ucbatından zindanda saxlanılan Azərbaycan övladlarının başına gələcək hər bir hadisəyə görə hakimiyyət birbaşa cavabdehdir. Azərbaycan xalqı bu məsələdə səssiz qalmayacaq.”

Bu gün Əbdüləziz Əzimi Qədimin və digər azərbaycanlı siyasi məhbusların yaşadığı vəziyyət təkcə bir şəxsin dramı deyil; illərdir öz xalqının hüquqları və ləyaqəti uğrunda mübarizə aparan insanların ortaq dərdinin və yığılan ədalətsizliklərin güzgüsüdür.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …