GADTB: “Müsəlman din xadiminin yaxasına xristian ordeni taxmaq peyğəmbər tərəfdarlarının ona inamının itməsinə gətirib çıxarmaz ki?..” Bu sual 1829-cu ilə aid bir rəsmi sənəddən götürülüb. Konkret cavab isə verilməyib. Amma həmin din xadimi xristian ordeni ilə təltif olunub…
Müsəlmanı xristian ordeni ilə təltif etmək olarmı?
1829-cu il iyulun 31-də Rusiyanın xarici işlər naziri qraf Karl Nesselrode Qafqazdakı rus qoşunlarının baş komandanı qraf İvan Paskeviçə 1489 nömrəli təliqə-məktub göndərir:
“Hörmətli Cənab, müsəlman könüllülərinin toplanmasında Mir Fəttahın göstərdiyi yeni xidmətlər barədə göndərdiyiniz sənədi alan kimi mən özümə borc bildim ki, bu məlumatı Əlahəzrətin (imperator I Nikolay nəzərdə tutulur – M.H.) nəzərinə çatdırım.
İmperator Həzrətləri həmin din xadiminin davranışının hökmdarın bu müctəhid üçün xahiş etdiyiniz diqqət və mükafata tamamilə layiq olduğunu nəzərə alaraq buyurdu ki, onun xidmətləri öz dindaşlarının şüuruna xüsusi təsir etməyin sübutudur; Rusiya üçün belə sərfəli təsirə malik sədaqətli müsəlman din xadiminin dəstəklənməsi naminə bizim tərəfimizdən bütün cəhdlər göstərilməlidir; lakin onun yaxasına xristian ordeni taxmaq peyğəmbər tərəfdarlarının ona inamının itməsinə gətirib çıxarmaz ki? Peyğəmbər tərəfdarlarının çoxu belə orden taxmağa cəsarət edənləri dönük hesab edə bilər…”
Və buna nümunə kimi məktubda I Nikolayın Moskvada keçirilən tacqoyma mərasimində Şəki vilayətindən nümayəndə olan kapitan Sədrəddin bəyə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeninin verilməsi xatırladılır. Sən demə, bu ordenlə təltif olunmaq Sədrəddin bəyə ciddi başağrısı gətirib və nəticədə həmin orden qızıl qılıncla əvəzlənib…
Qraf Karl Nesselrodenin Paskeviçə göndərdiyi təliqə-məktubda o vaxtlar Təbriz şəhərinin dini lideri kimi tanınan Mir Fəttahın I dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunması məsələsindən söhbət gedir. Bir müsəlmanın xristian ordeni ilə təltif edilməsinin onun nüfuzuna xələl gətirəcəyindən narahatlıq keçirən isə Rusiya imperatoru I Nikolay olub.
Bəs I dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilməyə namizəd olan Mir Fəttah kimdir? O, Rusiya hökuməti qarşısında hansı xidmətləri göstərib ki, bu məsələ imperator səviyyəsində müzakirəyə çıxarılıb?
Bu sualların cavabı bir qədər sonra…
Hələlik isə bu hadisələrin cərəyan etdiyi dövr, daha doğrusu,
Türkmənçay müqaviləsi haqqında…
Rusiya ilə İran arasında bir neçə il davam edən müharibənin yekunu kimi 1828-ci il fevralın 9-dan 10-na keçən gecə (yeni təqvimlə fevralın 21-dən 22-nə keçən gecə) – saat 24.00-da Türkmənçay müqaviləsi imzalanıb.
Niyə gecə saat 24.00-da?
Sənədi İran tərəfindən imzalayan Abbas Mirzənin (İran dövlətinin başçısı olan Fətəli şahın oğlu) münəccimləri müəyyən edib ki, ulduzlar məhz o saatda şahzadə üçün uğur vəd edir…
Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlərin hansı uğuru nəzərdə tutduqlarını indi anlamaq çətindir, amma fakt faktlığında qalır ki, Türkmənçay müqaviləsi gecə yarı imzalanıb.
Sənədə öncə rus generalı İvan Paskeviç, sonra isə Abbas Mirzə qol çəkib…
Rus toplarından 101 yaylım atəş açılıb…
Sənəd imzalanandan dərhal sonra Paskeviçin yanında diplomatik xidmətdə olan yazıçı-dramaturq Aleksandr Qriboyedov müqavilənin mətnini Peterburqa aparıb və martın 14-də müqavilə təntənli şəkildə imperator I Nikolaya təqdim olunub.
Həmin axşam Peterburqdakı Petropavlovsk qalasından atılan top atəşləri İranla sülh bağlandığını xəbər verib.
Qaliblər mükafatlandırılıb.
General İ.Paskeviç Abbas-Abad qalasının alınmasına görə I dərəcəli Vladimir ordeni ilə, İrəvan qalasının alınmasına görə II dərəcəli Georgi ordeni ilə təltif olunub.
I Nikolay general Paskeviçə “İrəvan qrafı” adı verilməsi və İranın ödədiyi təzminatın 20-də birinin – 1 milyon gümüş rublun ona hədiyyə edilməsi barədə də əmr verib.
A.Qriboyedov 4 min gümüş rubl pulla, brilliantla bəzədilmiş müqəddəs Anna ordeni ilə təltif olunub, rütbəsi artırılıb.
Müharibədə iştirak edən əsgər və zabitlərin mükafatlandırılması barədə də qərar qəbul olunub.
Türkmənçay müqaviləsi bağlanandan 2 gün sonra – 1828-ci il fevralın 12-də general İ.Paskeviç Peterburqa göndərdiyi 170 nömrəli təliqədə Təbriz şəhərinin tutulmasında şəhər müctəhidi Ağa Mir Fəttahın da xidmətlərini xatırladıb, onun da mükafatlandırılmasını xahiş edib.
Məlumat üçün bildirək ki, müctəhid müsəlman dünyasında “müstəqil dini fikir yürütmək hüququ olan” ali dini rütbə sayılır, “ayə və hədislərdən hökm çıxaran İslam alimi” hesab olunur.
Bəs bu cür yüksək rütbəli din xadimi öz doğma şəhərini işğal eləyən kafirlərə – rus qoşunlarına niyə və hansı xidmətləri göstərmişdi?
Bu barədə də bir qədər sonra.
Hələlik o dövrün bəzi reallıqlarını da xatırlatmağa ehtiyac var.
1826-cı ilin oktyabrında rus qoşunlarının Şamxor yaxınlığında İran ordusunu darmadağın etməsi ilə iki ölkə arasında müharibənin taleyi, demək olar ki, həll edilmişdi. Ona görə də 1827-ci ilin əvvəllərindən İran-Rusiya sülh danışıqları başlanmışdı. Rusiya Xarici İşlər Nazirliyi hələ o vaxt iki ölkə arasında sərhəd xəttinin Araz çayı boyunca olacağını da müəyyən etmiş, bu barədə ilkin müqavilə şərtlərini Qafqazdakı rus qoşunlarının komandanlığına göndərmişdi. Lakin İran tərəf rusların ağır şərtləri ilə razılaşmır, hər vasitə ilə danışıqları uzadırdı. Nəticədə Paskeviç sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədilə müharibənin davam etdirilməsi qərarına gəlir və ruslar Arazı keçirlər.
1827-ci il oktyabrın əvvəllərində rus qoşunları artıq Təbrizə yaxınlaşır…
Təbrizin ruslar tərəfindən işğalı və…
Qafqaz müharibələrinin tarixi haqqında 5 cildlik fundamental əsərin («Кавказская война») müəllifi, rus hərb tarixçisi Vasili Pottonun kitabından:
“…Oktyabrın 13-də səhər saat 8-də rus qoşunları Təbriz qalasının 2-3 verstliyində – Acı çayın sahilində dayandı.
…Ayın 12-dən şəhərdə ruslara müqavimət göstərməyin mənasızlığı barədə vərəqələr yayılmışdı.
…Onda Təbrizdə Abbas Mirzə tərəfindən şəhərin müdafiəsi üçün saxlanmış 6 min nəfərlik ordu var idi. Orduya Allahyar xan rəhbərlik edirdi. Lakin İrəvanın alınması xəbərinin yayılması, rus qoşunlarının yaxınlaşması, Abbas Mirzənin Xoyda uğursuzluğu barədə xəbərlər orduda ruh düşkünlüyü yaratmışdı.
…Bütün gün şəhərdə cürbəcür şayiələr yayılırdı. Kimi deyirdi ki, artıq ruslar bura çatır, kimi də deyirdi ki, Abbas Mirzə şəhəri xilas etməyə gəlir. Amma oktyabrın 13-də səhər Təbrizin hündür minarələrindən aydınca görünməyə başladı ki, yaxınlaşan rus qoşunlarıdır…”
Rus qoşunlarının ön hissələrinə rəhbərlik edən Muravyov şəhərin müqavimət göstərmədiyini görüb təəccüblənir və Təbrizin müdafiə edilib-edilməyəcəyini anlaya bilmir. Rus əsgər və zabitləri vahiməli qala divarlarına baxır, döyüşə hazır vəziyyətdə əmr gözləyirlər…
Sonralar Muravyov məktublarından birində yazırdı ki, “mən şəhərdə bizi əhatə edən sükutu görəndə dəhşətə gəlmişdim…”
Nə qədər qəribə olsa da, Təbrizi tutmağa gələn rus qoşunlarının belə sükutla qarşılanmasının səbəbkarı şəhər müctəhidi Mir Fəttah olmuşdu…
V.Potto: “…Heç kim rusların qarşısına çıxmağa cəsarət eləmirdi. Onda Təbriz ruhanilərinin başçısı Mir Fəttah-Seyid şəhərin xilasını öz üzərinə götürdü. O, Allahyar xana sərt şəkildə bildirdi ki, bu şəraitdə vuruşmağa hər cür cəhd bizə ancaq ziyan gətirəcək. Xana təklif etdi ki, öz vəzifəsini təhvil verib şəhəri tərk eləsin. Allahyar xan onu eşitdi və şəhərdən çıxdı. Şəhərin açarları gizlədilmişdi. Mir Fəttah qapıların sındırılması barədə əmr verdi və bütün din xadimləri ilə birlikdə knyaz Eristovu qarşılamağa hazırlıq gördü. Rusların düşərgəsində bütün bunlardan xəbərsiz idilər”.
Bu, bir rus tarixçisinin Təbrizin tutulması barədə qeydləridir.
İran tarixçisi Əminə Pəkrəvanın (1880-1958) “Abbas Mirzə və Azərbaycan” adlı kitabında da Təbrizin işğalından söhbət açılır. Və qeydlər rus tarixçisinin yazdıqlarından çox da fərqlənmir:
“Təbrizin baş mollası Mir Fəttah fətva vermişdi ki, yalnız bir çıxış yolu var: rus fatehin iradəsinə təslim olmaq!..
…Rus ordusunun Təbrizə girişi Gəcil darvazası yolu ilə mümkün idi. Bir neçə top gülləsi də düşmənə tərəf atıldı. Lakin Mir Fəttah fətva vermişdi ki, Təbriz dirənməməlidir. Bu üzdən öz tərəfdarlarını toplayıb, Gəcil darvazasının ağır lənglərini rusların üzünə açdı. Rus fateh Mir Fəttah tərəfdarlarının böyük təntənəli istiqbalı ilə şəhərə daxil oldu”.
Məlumat üçün bildirək ki, Ə.Pəkrəvan Qacarların hakimiyyəti dövründə 20 il diplomatik xidmət göstərmiş Həsənxanın qızı olub, sonralar həyat yoldaşı da diplomat kimi çalışıb. Ə.Pəkrəvan ömrünün son illərində Tehran Universitetində fransız dili və ədəbiyyatından dərs deyib, bir neçə əcnəbi dildə sərbəst danışa bilib.
O dövrün yazışmalarından görünür ki, Mir Fəttah hələ Təbrizin tutulmasından əvvəl də ruslarla, yumşaq desək, əməkdaşlıq edib. Bu faktı qraf Paskeviçin 1828-ci il aprelin 27-də Peterburqa – xarici işlər naziri qraf Nesselrodeyə göndərdiyi məktub da təsdiq edir: “İranın əsas dini liderlərindən biri olan Təbriz müctəhidi bizə öz sədaqətini hələ Rusiya qoşunlarının Təbrizə daxil olmasından əvvəl göstərməyə başlamışdı və bu şəhərin müvəffəqiyyətlə tutulmasında onun təsiri çox olmuşdur”.
Paskeviçə məktublar?
Təbriz tutulandan sonra isə Mir Fəttah Paskeviçi həm də İranın paytaxtında baş verənlərdən hali edib.
Əminə Pəkrəvan: “…Rus baş komandan (Paskeviç – M.H.) Tehranda olanlardan xəbərsiz deyildi. Çünki Təbrizin baş müctəhidi Mir Fəttah əldə etdiyi bütün bilgiləri ona çatdırırdı”.
Tehranda isə vəziyyət gərgin idi. Fətəli şah tərəfindən Rusiya ilə sülh danışıqları aparmağa vəkil edilmiş Abbas Mirzəni şahın gözündən salmaq üçün hətta doğma qardaşları da hərəkətə keçmişdi.
Əminə Pəkrəvan: “Şahzadə Həsənəli Mirzə öz süvariləri ilə bərabər Xorasandan Tehrana gəlmişdi. Süvarilərin əlində isə qara bayraqlar var idi. Şahzadə Həsənəli Mirzə deyirdi ki, İmam Rza Məşhəddə bir din xadiminin yuxusuna girib, bu qara ələmi ona verib və deyib ki, bu ələmi Şahzadə Həsənəli Mirzəyə çatdır. Ona söylə ki, rusları müzakirə ilə deyil, qılınc gücünə Azərbaycandan çıxarsın”.
Məlumat üçün bildirək ki, Əminə Pəkrəvan bu qeydləri Abbas Mirzənin oğlu Cahangir Mirzənin xatirələri əsasında yazıb. Onun sözlərinə görə, bütün bu oyunlar ruslarla danışıqları pozmaq, Abbas Mirzəni şahın gözündən salmaq üçün qurulub. Çünki A.Mirzə əvvəldən bu müharibənin əleyhinə olub, ordunu müasirləşdirib sonra müharibə etmək təklifi vermişdi.
Vasili Potto: “…Paskeviç Təbrizə oktryabrın 19-da çatmışdı. Onun şəhərə girişi zəfər yürüşü idi. Bayram paltarı geymiş bütün ruhanilər – xristianlar və müsəlmanlar, starşinalar, nüfuzlu bəylər və çoxsaylı kütlə onu şəhər kənarında qarşıladı. Keçdiyi yola gül tökdülər, Şərq adətinə uyğun olaraq qalib sərkərdənin ayaqları altında qurbanlar kəsildi…
…Abbas Mirzənin sarayında ona təntənəli otaq hazırlanmışdı. Şəhər nümayəndələrinin başında gələn Knyaz Eristov şəhərin açarını ona təqdim etdi”.
Əminə Pəkrəvan: “…Abbas Mirzə hər gün yeni bir xəyanət xəbəri eşidirdi. Təbrizə girərkən general Paskeviçin qarşısında qurban kəsilməsi Şahzadənin qüruruna toxunmuşdu. Bilirdi ki, bütün bunların hamısını Mir Fəttah etmişdir. Mir Fəttah Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazmış və ilahi iradənin qarşısında təslim olmalarını istəmişdi. Onun fikrinə görə, Abbas Mirzənin kafir ölkələrlə yaxınlaşması və onlar kimi davranması (Abbas Mirzənin Avropalı səfir və hərbi mütəxəssislərlə isti münasibətlərinə işarədir – M.H.) üzündən Tanrı bu torpağı cəzalandırmışdır. O, Tanrının iradəsinə qarşı getmək günahdır, – deyə fitvalar vermişdi”.
Bəs Təbrizin darvazalarını rusların üzünə taybatay açan bu nüfuzlu din xadimi – Mir Fəttah kim idi?
ardı var..
azvisiondan