GADTB: 126-il bundan əvvəl 25 noyabr 1893-cü ildə danimarkalı linqvist, politoloq Vilhelm Tomsen dünyada ilk dəfə olaraq qədim türk yazılarının açarını taparaq, elmə yenilik gətirdi. Bununla da türkologiya tarixinin yeni səhifəsinin başlanğıcını qoydu. Qədim türk runi yazılarının açarının tapılması, onların oxunması sistemi dünyanın tanınmış türkoloqlarına türk yazılı abidələrini oxumağa imkan yaratdı. Uzun zaman keçdikdən sonra, daha dəqiq qeyd etsək, yalnız 20-ci əsrin əvvəllərində türkdilli ölkələr – Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə alimləri və digərləri də türk yazılarını ozumaq üçün araşdırmalara qoşuldular.
XIX əsrdən etibarən qədim türk yazılarının oxunması sahəsində V.V Radloff, N.M.Yadrintsev, S.E.Malov, A.N. Bernştam, H.N.Orkun, P.M.Melioranskiy, O.Bang, G.Ramstedt, V.M.Nasilov, İ.A.Batmanov, A.N.Kononov, G.Clauson, G.Nemeth, T.Tekin, A.M.Şçerbak, S.G.Klayştornıy, G.Aydarov, A.S.Amanjolov, M.Joldasbekov, K.Ömiraliyev, İ.L.Kızlasov, S.Ya. Bayçorov, D.V.Vasilyev, O.F.Sertkaya, C.Alyılmaz, A.Recebli, Ç.Cumagulov, K.Tabaldiyev, K.Konkobayev, N.Useyev, L.Bold, Ts.Battulga, R.Mönhtulga və digərləri də öz tədqiqatlarını apararaq, türkologiya elminə sanballı araşdırmalar bəxş etdilər.
Elmi dairələrdə ilkin olaraq belə daşlar üzərində olan yazılar “runik yazılar” adlanırdılar. Səbəb də onda idi ki, alimlər əvvəlcə bu yazıların skandinav xalqlarına məxsus olması qənaətinə gəlmişdilər. Həmin yazılar runik yazılar kimi, tanındığından, türk yazılarının sirrini aça bilməmişdilər. Lakin elmi tədqiqatlar sübut etdi ki, bir zamanlar skandinav xalqlarına məxus olduğu deyilən yazılar, əslində türk xalqlarından qalan məktublar imiş. Vilhelm Tomson həmin daşların üzərində ilk dəfə 1893-cü ildə ilk sətrini oxumaqla ilk sözlərin “Türk” və “Tengri” olduğunu isbat etdi.
Qədim türklər öz yazılarını “Bitig” adlandırırdılar. Qədim simvollarla yazılan Bitig 40 işarə – hərfdən ibarətdir. Öz növbəsində həmin hərflər həm də “fono –morfema” üslübünda yazılaraq, həm də cingiltili idilər. Bu cingilti bildirən hərflər qədim türk yazı sistemində universal spesifikaya malik olmaqla, eyni zamanda təbiətdəki səsləri də ifadə edirdilər. Bundan başqa bir çox türk dialektlərinin yazılışını da özlərində birləşdirirdilər. Türk yazılarının fonoloji düzülüşü bir qayda olaraq sait və samit səslərin heca birləşməsi ilə alınır.
Türk bitig yazıları yarandığı gündən Avrasiya qitəsinin böyük bir ərazisində çox sürətlə yayılmağa başlamışdı. Arealda yaşayan bütün tayfalar bu yazıdan istifadə edirdi. Müasir dövrdə həmin yazıları bir kitaba sığışdırmaq mümkündür. Qədim türklərin bu epik yazılarında tarix, mədəniyyət, coğrafi və siyasi adlar, o dövrün yaşam tərzini göstərən mənzərələr yazı şəklində söz və cümlələrlə təsvir edilib. Bu yazılarda xalqın həyat tərzi, anlayışı, dünya görüşü , məişət və mədəniyyətləri haqqında hər şeyi anlamaq mümkündür. Tarixi olaylar səhnələrı və Ulu Kaqanların səfərləri, ozanların bu səfərlər haqqında qoşduqları nəğmələri də bu yazılarla şirin bir dildə bəyan edilib. Ən maraqlısı da odur ki, bu yazılar çox ustalıqla və qısa məzmunla dolğun yazılıbdı. Yazılarda Göy türklərin dövründə baş verən hadisələr, döyüşlər, coğafi isimlər, boy adları, tayfa adları, yer adları və onların hakimiyyətlərinin yayıldığı ərazilərin adları da çox aydın şəkildə verilib. Qədim Türk yazılı abidələri Böyük Çölə yeni dinlər və yeni hakimiyyətlər gələndən sonra əsrdən-əsrə atlayaraq, bu arealda yaşayan insanların yaddaşından məcburi şəkildə silinib.
Bu günümüzə qədər gəlib çıxan qədim türk yazılarını oxuyanda bir daha əmin olursan ki, Türk elində Türk bitig ilə əmr imzalanıb, sərəncamlar verilib, möhür vurulub, hökmlər yazılıb, elçilər vasitəsi ilə bir tayfadan başqa tayfaya, bir hakimdən digərinə məktublar göndərilib. Kaqanın möhürünü qoruyub gəzdirən şəxsin vəzifəsi “tamğaçı” – “Altın tamğan Tarhan” olub. Yazı yazana isə “bitikçi” deyilib. Kaqanın əmri ilə ölkənin tarixi nəsildən nəsilə əmanət olaraq Türk bitigi vasitəsi ilə “Bəngü Daşa” –“Əbədi Daş”a yazılıb.
Qədim türk yazıları dünya sivilizasiyasının ən böyük mirası sayılır. Türk bitiginin coğrafiyası Monqolustandan başlayaraq Altay, Tuva, Xakasiya – Yenisey, Abakan, Kem çaylarının sahilləri, Saha, Buryatiya ,Yakutiyada – Baykal və Lena, Şərqi Türkistanda – Turfan vadisi, Dunxuan, Miran, həmçinin Qazaxıstanda – İrtış, Talas, İl, Sır Dərya, Ural , Özbəkistanda – Fəqanə, Cənubi Qafqaz və Şərqi Avropada – Don, Kuban , Terek çayları sahillərinə qədər uzanıb gedir. Qədim Türk Bitigi bugünkü türk etnoslarının qədim mənəvi və mədəni məişətinin oxşar və ortaq mirasıdır. Bu yazılar bir daha sübut edir ki,qədim Türk birigi dünyada xüsusi yeri olan bir əlifbadır.
Таrix və yazılı qaynaqlar içərisində Orxan yazıları, Bilge Kağan, Kültegin, Tonyukuk, İl Etmiş kağan (Moyunçor, Taryat yazısı), Тes, Suci v. i. bitig yazılarda Mərkəzi Asiya tarixi ilə bağlı çox dəyərli məlumatlar yer alıb. Yenisey, Talas və Altayda tapılan yazılarda tarixi və şəxsi məlumatlar diqqəti çəkir. Turfan və Mirandan tapılan daş kitabələrdə isə insanların inanclarından bəhs edən yazı mətnləri toplanıb.
Bu böyüklüyündə ərazilərdə bu günümüzə qədər boy verib Göy Səmaya ucalan daşlar, torpağın altında Tanrının və Təbiətin qoruduğu daş kitabələr qədim türklərin və müasir türklərin mədəni və mənəvi abidəsi olaraq tarixə şahidlik edirlər.
Hazırda Avrasiya kontingentində 700 böyük və kiçik daşa məişət əşyaları ilə dəlinərək yazılmış abidələr mövcuddur. Beynəlxalq Türk Akademiyasında fəaliyyət göstərən “Altayistika, türkologiya və monqolşünaslıq” şöbəsi bu yazıları araşdırıb, tədqiq edib, oxumaqla məşğuldur. Akademiya eyni zamanda ilk türk yazısını oxuyan alimin şərəfinə -“Vilhelm Tomsen” medalını da təsis edib. Daş kitabə və yazıları oxuyub, dəyərli əsərləri ərsəyə gətirən alimlər və tədqiqatçılar bu medalla mükafatlandırılır. Bu gün dünyada 23 insan bu medalın sahibidir.
Tərcüçmə etdi: Aida Eyvazlı