
GADTB: Noyabrın 6-dan 8-dək yağan payız yağışları Urmiya gölünün vəziyyətinin yaxşılaşmasına və su səthinin sahəsinin 24 kvadratkilometr artmasına səbəb olub.
Yayımlanan statistik məlumatlara əsasən, göldəki suyun həcmi 2 milyard 580 milyon kubmetrə çatıb. Suyun səviyyəsi isə 1270,59 metrdən 1270,60 metrə yüksəlib.
Statistik göstəricilərin müqayisəsi göstərir ki, ötən ilin eyni dövründə göldəki suyun həcmi 350 milyon kubmetr olduğu halda, hazırda bu rəqəm 2 milyard 580 milyon kubmetrə çatıb.
Bununla belə, əldə olunan əhəmiyyətli yaxşılaşmaya baxmayaraq, Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri hələlik gölün bərpasından danışmağın mümkün olmadığını vurğulayıb.
Müsbət dinamikanın davam etməsi su istehlakının düzgün idarə olunmasından, həddindən artıq su götürülməsinin qarşısının alınmasından və gölün ekoloji su tələbatının təmin edilməsindən asılıdır.
Payız yağışları Urmiya gölü ilə bağlı yeni ümidlər yaradıb. Lakin gölün xilas edilməsi üçün davamlı tədbirlərin həyata keçirilməsi və su ehtiyatlarının düzgün idarə olunması vacibdir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi