
GADTB: “Washington Post” nəşrinin yaydığı məlumata əsasən, müharibə başa çatsa belə, enerji böhranı və Hörmüz boğazından neft daşımalarında yaranan problemlər davam edə bilər.
Məlumata görə, Pentaqon ABŞ Konqresi ilə keçirilən qapalı iclasda bildirib ki, İran tərəfindən yerləşdirildiyi ehtimal olunan dəniz minalarının Hörmüz boğazından tam təmizlənməsi 6 aya qədər vaxt apara bilər və bu əməliyyatın müharibə başa çatmamış tamamlanması ehtimalı aşağıdır.
Hesabatda qeyd olunur ki, bu qiymətləndirmə çərşənbə axşamı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin qapalı iclasında təqdim edilib və həm demokrat, həm də respublikaçı qanad tərəfindən mənfi qarşılanıb. Bildirilir ki, hətta sülh razılaşması əldə olunsa belə, enerji bazarlarında qeyri-sabitlik və neft, benzin qiymətlərində artım aylarla davam edə bilər.
Eyni zamanda yayılan məlumatlara görə, ABŞ-da benzin qiymətləri müharibədən əvvəlki təxminən 2,98 dollardan hər qallon üçün 4 dollardan yuxarı səviyyəyə yüksəlib. Bu isə Konqresin aralıq seçkiləri ərəfəsində ABŞ hökuməti üçün ciddi siyasi nəticələr doğura bilər.
Qiymətləndirməyə əsasən, İranın Hörmüz boğazında azı 20 ədəd dəniz minası yerləşdirdiyi ehtimal olunur. Bu minaların bir hissəsi üzən və GPS texnologiyası ilə işləyən sistemlərdir ki, bu da onların aşkar edilməsini daha da çətinləşdirir. Həmçinin bəzi minaların kiçik qayıqlar vasitəsilə yerləşdirildiyi ehtimal edilir.
Bununla yanaşı, Pentaqon hesabatın detalları ilə bağlı rəsmi təsdiq verməkdən imtina edib və yayılan bəzi məlumatları “dəqiq olmayan” kimi qiymətləndirib.
Ekspertlər xəbərdarlıq edir ki, hətta məhdud sayda mina belə bu strateji marşrutda gəmi hərəkətini ciddi risk altına sala, sığorta şirkətləri və gəmi sahiblərini bu marşrutdan çəkinməyə vadar edə bilər. Bu isə dünyanın ən mühüm enerji yollarından birində uzunmüddətli fasilələrə səbəb ola bilər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi