
GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış edərək, qaşqayların ənənəvi geyimlərini Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim edib.
“Qaşqayların ənənəvi geyim mədəniyyəti və onun sosial əhəmiyyəti” adlı tədqiqat Türk Sosial Elmləri və Mədəniyyəti üzrə Beynəlxalq Konfransda təqdim olunub. Tədbir Türkiyənin bir sıra nüfuzlu universitetlərinin, ölkənin Hərbi Muzeyinin, eləcə də Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) iştirakı ilə təşkil edilib.
Altay Qaşqay tədqiqatında qaşqayların ənənəvi geyimlərini xarici görünüşü, mədəni rəmzləri və sosial mənaları baxımından digər türk xalqlarının və icmalarının geyimləri ilə müqayisə edib. O, təsviri nümunələr nümayiş etdirməklə onların arasındakı mədəni və tarixi əlaqələri araşdırıb.
Məqalənin Türk dünyasının elmi platformalarından birində təqdim olunması qaşqayların mədəni irsinin akademik şəkildə sənədləşdirilməsi, beynəlxalq səviyyədə tanıdılması və qorunması istiqamətində bir addım hesab olunur. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi qaşqay türklərinin mədəni kimliyinin davamlılığında mühüm rol oynayır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi