
GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks etdirib. Bu addım bölgənin mədəniyyətinin və milli kimliyinin qorunması məqsədilə atılıb.
Adların hər biri kəndin tarixinin və ictimai kimliyinin müəyyən bir hissəsi ilə bağlıdır. Xəbəri yayanların bildirdiyinə görə, bu adlar Quluncu icmasının formalaşmasında rol oynamış müxtəlif tayfaları əhatə edir.
Kəndin tarixi məhəllə adları arasında Alılı məhəlləsi, Arxançı məhəlləsi, Məzəli məhəlləsi, Mayıllı məhəlləsi, Qəhvə qabağı, Pirəhmədli məhəlləsi, Bədəlli məhəlləsi, Məlikli məhəlləsi və Mahmudlu məhəlləsi yer alır. Bu adlar küçələrdə quraşdırılan lövhələrdə həkk olunub.
Köhnə məhəllə adlarının küçə və keçidlərdə lövhələr vasitəsilə yenidən istifadəyə verilməsi kəndin tarixi yaddaşının qorunmasına və yaşadılmasına xidmət etməklə yanaşı, gənc nəslin yaşadığı ərazinin mədəni kökləri, ictimai keçmişi və yerli kimliyi ilə tanış olmasına imkan yaradır. Yerli adların qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi bölgənin tarixi və mədəni irsinin, eləcə də kəndlərin qeyri-maddi mədəni irsinin mühafizəsi baxımından mühüm addım hesab olunur.
Son illərdə Cənubi Azərbaycan türkləri arasında milli şüurun və tarixi-mədəni irsə dair məlumatlılığın artması fonunda tarixi türk mənşəli küçə və məhəllə adlarının əhəmiyyətinə diqqət daha da yüksəlib. Bu istiqamətdə vətəndaşlar öz tələblərini irəli sürərək məsul şəxslərdən əsil türk adlarının bərpasını, şəhər və kənd məkanlarında tarixi və mədəni kimliyin yenidən yaşadılmasını tələb edirlər.
Bundan əvvəl Zəncanın Tarım rayonunun Çəmlə, Məlikkəndi rayonunun Qarəçal və Ərdəbilin Kürabazlı kəndlərinin bələdiyyələri də küçə və yol nişanlarında tarixi türk mənşəli adlardan istifadə ediblər.
Bundan başqa, 2014-cü ildə Urmiya bələdiyyəsi də şəhərin bəzi küçə və məkanlarının türk mənşəli adlarını bərpa edərək həmin tarixi adların əks olunduğu lövhələri şəhərin müxtəlif yerlərində quraşdırıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi