Cümə axşamı , Oktyabr 10 2024
azfa

Quzey Azərbaycanın siyasi şəxsiyyətləri Abbas Lisaniyə həbs qərarını tənqid edir

GADTB-nin Mətbuat Mərkəzinin “Amerikanın səsinə” istinadəb yaydığı məlumata görə, Quzey Azərbaycanın siyasi şəxsiyyətləri İran Ali Məhkəməsinin tanınmış türk fəalı Abbas Lisaninin kasassiya şikayətini rədd etməsini və Ərdəbil məhkəməsinin 15 illik həbs hökmünü qüvvədə saxlamasını kəskin tənqid ediblər.

Qeyd edək ki, Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində “Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək”, “Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” və “ölkənin təhlükəsizliyini pozmaq” ittihamları ilə mühakimə edilib. Məhkəmə siyasi fəalı “ölkənin təhlükəsizliyini pozmaq”da günahlandıraraq, 8 il həbs və 2 il sürgün cəzasına məhkum edib. Siyasi fəal ilk iki ittihamdan bəraət qazanıb.

Abbas Lisani Apellyasiya Məhkəməsinə müraciət edərək ilkin məhkəmənin çıxardığı qərara etiraz edib. Milli fəalın şikayətinə baxan Ərdəbil Apellyasiya Məhkəməsi fəalın ilkin məhkəmədə bəraət qazandığı iki ittihamı yenidən dosyeyə əlavə edərək, həbs cəzasını 8 ildən 15 ilədək artırıb. Lisani bu dəfə İran Ali Məhkəməsinə müraciət edib.

Abbas Lisani 2019-cu ilin yanvar ayından Ərdəbil həbsxanasında saxlanılır. O, təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakimələrə məruz qalıb. Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.

Abbas Liasninin həbsi Azərbaycan Respublikasında tənqidlərlə qarşılanıb və ona azadlıq tələb edilir.

Arif Hacılı: Abbas Lisaniyə azadlıq!

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, İran Ali Məhkəməsi Abbas Lisani haqqında çıxardığı 15 il həbs və 2 il sürgün cəzasını təsdiqləyib.

İran zindanından da Azərbaycan davasını davam etdirəcəyini bəyan edən soydaşımız Abbas Lisaninin hüquqlarının müdafiəsi, onun haq bağıran səsini dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə etməliyik.

 “Uzun illər ərzində Güney azərbaycanlı soydaşlarımızın hüquq və azadlıqları uğrunda mübarizə aparan Abbas Lisani fəaliyyətinə görə əvvəllər də dəfələrlə həbs edilib. Özünə, ailəsinə, yaxınlarına olan təzyiqlərə baxmayaraq, mübarizəsini davam etdirib. Ali Məhkəmənin qərarından sonra son sözündə də bu mübarizəsini sonadək davam etdirəcəyini bildirib. Lisani deyib: “Hökm nə olur-olsun, ömürlük həbs və ya edam olması heç fərq etməz. Tək bir addım geri atmayacağam. Bədənimdən tək bir zərrə qalsa da yenə də millətim və vətənim Azərbaycan yolunda mübarizəmə davam edəcəyəm!” İran zindanından da Azərbaycan davasını davam etdirəcəyini bəyan edən soydaşımız Abbas Lisaninin hüquqlarının müdafiəsi, onun haqq bağıran səsini dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə etməliyik. Bütün siyasi məhbuslarımızın və Abbas Lisaninin azadlığa çıxmasına nail olmalıyıq. Abbas Lisaniyə azadlıq!” o, Facebook səhifəsində yazıb.

İctimai fəal Zakir İsmayıl Facebook profilində yazıb ki, İran rejimi azadlıq uğrunda mücahid Abbas Lisanini, Azərbaycan hakimiyyəti isə Müsavat Partiyasının üzvü Tofıq Yaqublunu həbsə atıb.

“Bu insanların suçu nə? Yalnız bir suçları var. Vətən yanğısı, millət sevgisi… Hər iki vətənpərvər şəxsə azadlıq tələb edirəm!” o qeyd edib.

Pənah Hüseyn: Abbas Lisaniyə qarşı hökm Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarına qarşı hökmdür

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy hökumətində baş nazir olmuş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Amerikanın Səsinə müsahibəsində bildirib ki, İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqları həmişə diqqət mərkəzindədir.

Pənah Hüseyn: Abbas Lisaniyə qarşı hökm Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarına qarşı hökmdür.

Lisaninin həbsi, milli-mədəni hüquqların tapdanması İran cəmiyyətinə, İran dövlətinə və indiki İran hakimiyətinə baş ucalığı gətirən bir hərəkət deyil.

 “Milli-mədəni hüquqların müdafiəsi sahəsində hələ Əbülfəf Elçibəy tərəfindən yaradılmış Bütöv Azərbaycan Birliyi mübarizə aparıb və hazırda da dünya miqyasında Güney Azərbaycanda bizim soydaşlarımızın hüquqlarının müdafiəsi uğrunda mübarizəsini davam etdirir. Abbas Lisani də Güney Azərbaycan Oyanış Hərəkatının tanınmış nümayəndələrindən biridir. İstər Güney Azərbaycan Ocaqları, istər Güney Azərbaycan Birliyi, bizim gənclər təşkilatları bu istiqamətdə öz tələb və etirazlarını bildirib. Abbas Lisaniyə qarşı məhkəmə hökmü Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarına qarşı olan bir hökm kimi qəbul olunur.”

Pənah Hüseyn hesab edir ki, İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarının müdafiəsi İranın daxili işi sayıla bilməz.

“İnsan hüquqları milli sərhədlər tanımır. Bizim dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən dəyərlər də belədir, – dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımızın hüquqlarını tələb edirik. Bu, artıq milli prinsipə çevrilib. Bu əsasda Azərbaycan cəmiyyəti öz etirazını irəli sürməkdə israrlıdır. Lisaninin həbsi, milli-mədəni hüquqların tapdanması İran cəmiyyətinə, İran dövlətinə və indiki İran hakimiyətinə baş ucalığı gətirən bir hərəkət deyil,” o Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …

Bir cavab yazın