
GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına məxsus yüzlərlə kiloqram yüksək zənginləşdirilmiş uranın taleyi ilə bağlı ciddi xəbərdarlıq edib. O vurğulayıb ki, bu ehtiyatlar hələ də son müharibə zamanı hücuma məruz qalmış obyektlərdə yerləşir və bu vəziyyət nüvə silahlarının yayılması baxımından “son dərəcə narahatedicidir”.
Rafael Qrossinin sözlərinə görə, BAEA “qəti şəkildə inanır” ki, İran İslam Respublikasına məxsus təxminən 400 kiloqram 60 faiz zənginləşdirilmiş uran 12 günlük müharibə zamanı hərbi hücumlara məruz qalmış obyektlərdə qalmaqdadır. O xəbərdarlıq edib ki, bu həcmdə uran bir neçə nüvə bombasının hazırlanması üçün kifayət edir.
BAEA-nın baş direktoru əlavə edib:
“Bu məsələ nüvə silahlarının yayılması baxımından narahatedicidir, hətta gizlədilmiş və ya dağıntılar altında qalmış olsa belə.”
Qrossi həmçinin İsfahanda yeni bir yeraltı obyektə diqqət çəkərək bildirib:
“Müharibədən dərhal əvvəl İran İsfahanda yeni bir yeraltı obyektin mövcudluğunu elan etdi və biz dərhal ora giriş tələb etdik. Girişə icazə verildi və 23 Xordad tarixində baxış keçirilməli idi.”
O əlavə edib:
“Elə həmin gün İsrail İranı bombalamağa başladı və o vaxtdan bəri Agentliyin müfəttişləri həmin əraziyə daxil ola bilməyiblər.”
BAEA rəhbərinin sözlərinə görə, beynəlxalq qurumun bu obyektin məqsədi, ölçüləri və hansı mərhələdə olduğu barədə hələ də dəqiq məlumatı yoxdur. Qrossi bu barədə deyib:
“O yer mövcuddur, lakin sadəcə boş bir zal da ola bilər, yaxud sentrifuqalar üçün hazırlıq işləri aparılmış ola bilər. Hətta içəridə avadanlıq olub-olmadığını da bilmirik; fərziyyə yürütməməliyik.”
Rafael Qrossinin son açıqlamaları İran İslam Respublikasının şəffaflıq iddiaları ilə onun gizli və nəzarətsiz nüvə proqramının real vəziyyəti arasındakı dərin uçurumu bir daha üzə çıxarır. Bu fonda dünya ictimaiyyəti, xüsusilə də Tramp rəhbərliyindəki ABŞ, bu rejimin təhlükəli nüvə ehtiyatlarının taleyini ciddi şəkildə izləməkdədir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi